İran Trampın uranla bağlı iddiasını rədd edir

Donald Tramp İranın zənginləşdirilmiş uranı təhvil verməyə razılaşdığını desə də, İran daxilindən gələn siqnallar bunu təsdiqləmir. Danışıqlarda uran ehtiyatı əsas mübahisə mövzularından biri olaraq qalır.

9

İran tərəfi ABŞ prezidenti Donald Trampın Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə razılaşdığı barədə açıqlamalarını faktiki olaraq təkzib edən siqnallar verir.

“Reuters”-in 17 aprel tarixli materialına görə, Tramp ABŞ-ın İranla birlikdə zənginləşdirilmiş uranı çıxarıb ABŞ-a daşımaq üzərində işlədiyini bildirib və bunu “rahat tempdə” aparılacaq proses kimi təsvir edib. O, eyni müsahibədə İranın “nüvə tozu”nun geri qaytarılması ilə bağlı razılıq verdiyini də iddia edib.

Bununla belə, İran daxilindən gələn reaksiyalar bu versiyanı dəstəkləmir. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa yaxın mənbənin və jurnalist Məhəmməd Qaderinin bu iddianı inkar etdiyi bildirilir.

İranlı jurnalist Məhəmməd Qaderi isə mövzu ilə bağlı bunları yazıb: “Zənginləşdirilmiş uranın ABŞ-a çatdırılması növbəti bir yalandır”. O əlavə edib ki, “ABŞ-ın həddindən artıq iddiaları və İsrailin davam edən şərləri” səbəbindən danışıqlarda heç bir əhəmiyyətli irəliləyiş əldə olunmayıb.

Qaderi vurğulayıb ki, danışıqların davam etdirilməsi “İranın bütün şərtlərinə əməl olunmasından” asılıdır”.