Azərbaycan Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə bu mükafata layiq görülməsini böyük şərəf adlandırıb.
Prezident müraciətində Gernika-Lumo və Pforshaym şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə təşəkkürünü bildirib. İlham Əliyev qeyd edib ki, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq və sülh proseslərinə töhfə verən şəxsləri tanıtmaq məqsədi daşıyan bu mükafat xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısı mükafatın 26 aprel — Gernika qurbanlarının anım günündə təqdim olunmasının rəmzi məna daşıdığını vurğulayıb. O, 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş cinayəti ötən əsrin ən dəhşətli səhifələrindən biri adlandırıb və dinc insanlara qarşı istənilən cinayətin bütövlükdə insanlığa qarşı yönəldiyini bildirib.
Prezident İlham Əliyev müraciətində Azərbaycan xalqının da uzun illər münaqişənin ağır nəticələri ilə üzləşdiyini xatırladıb. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə münaqişə şəraitində yaşamış Azərbaycan xalqı sülhün və barışığın dəyərini yaxşı anlayır. Dövlət başçısı Azərbaycanın hazırda sülh mühitinə uyğunlaşdığını və bu reallığın ölkəyə inkişaf gündəliyinə daha çox diqqət ayırmaq imkanı verdiyini qeyd edib.
İlham Əliyev 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflandığını, eyni zamanda Birgə Bəyannamənin imzalandığını bildirib. Prezidentin sözlərinə görə, bununla üç onillik davam edən münaqişə başa çatıb və xalqlar üçün sülh, barışıq və qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulub.
Dövlət başçısı həmçinin Azərbaycan ərazisindən keçməklə Ermənistana neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsulların ixrac edildiyini qeyd edib. O bildirib ki, iki ölkə arasında etimad quruculuğu tədbirləri, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər davamlı sülhün bərqərar olmasına töhfə verir.