İƏT ölkələri İsrailə təzyiqin artırılmasını müzakirə edib – yeni baş katib seçilib

İƏT-in Ciddədə keçirilən növbədənkənar iclasında Fələstindəki vəziyyət, İsrailin regiondakı fəaliyyəti və ona qarşı siyasi-hüquqi təzyiq tədbirləri müzakirə olunub. İsmayıl Uld Şeyx Əhməd təşkilatın yeni baş katibi seçilib.

61

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar iclasda Fələstindəki vəziyyəti və İsrailə beynəlxalq təzyiqin gücləndirilməsi imkanlarını müzakirə ediblər.

İƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü növbədənkənar sessiyası 27 avqustda təşkilatın Ciddədəki mənzil-qərargahında keçirilib. İclasın əsas gündəliyini Fələstin məsələsi və İƏT-in yeni baş katibinin seçilməsi təşkil edib.

Şuraya hazırda sədrlik edən Türkiyəni iclasda xarici işlər nazirinin müavini Musa Kulaklıkaya təmsil edib və toplantıya o sədrlik edib. Türkiyə diplomatik mənbələrinin “Anadolu” agentliyinə bildirdiyinə görə, Ankara Qəzzada hücumların dayandırılması, atəşkəsin tam icrası və humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini ön plana çıxarıb.

Türkiyə tərəfi həmçinin İsrailin Fələstin ərazilərində beynəlxalq hüquqa zidd hesab etdiyi fəaliyyətlərin “yeni status-kvo” kimi qəbul edilməməli olduğunu və həmin addımlara görə məsuliyyətin təmin edilməsi üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini bildirib.

Ankara xüsusilə işğal altındakı İordan çayının Qərb sahilində fələstinlilərin öz yaşayış yerlərindən çıxarılması, məskunlaşma fəaliyyətinin genişlənməsi və məskunlaşanların zorakılığı ilə bağlı narahatlığını ifadə edib. Türkiyə nümayəndəsi İsrailin Livan və Suriyadakı hərbi əməliyyatlarının da regionda sabitlik üçün risk yaratdığını vurğulayıb.

İƏT-in yekun mövqeyində Fələstin məsələsinin təşkilat üçün mərkəzi əhəmiyyət daşıdığı bir daha təsdiqlənib. Üzv ölkələr Fələstin xalqının öz müqəddəratını təyin etmək, müstəqillik və 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan dövlət qurmaq hüququna dəstəklərini təkrarlayıblar.

Təşkilat həmçinin Qəzza zolağı, İordan çayının Qərb sahili və Şərqi Qüdsün vahid Fələstin ərazisinin tərkib hissələri olduğunu bildirib və onların bir-birindən siyasi və ya inzibati cəhətdən ayrılmasına yönəlmiş addımları rədd edib.

İclas zamanı İsrailə qarşı daha sərt iqtisadi tədbirlər çağırışı da səslənib. Lakin bu çağırış Türkiyədən deyil, Malayziyadan gəlib.

Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən İƏT üzvlərini ortaq mövqe əldə olunacağı təqdirdə İsrailə qarşı embarqo, boykot və sanksiyalar kimi koordinasiyalı tədbirlər görməyə çağırıb. O, belə addımların İsrailə real təzyiq göstərmək məqsədi daşımalı olduğunu bildirib.

Toplantıda təşkilati baxımdan da mühüm qərar qəbul edilib. Mavritaniyanın namizədi, keçmiş diplomat İsmayıl Uld Şeyx Əhməd İƏT-in yeni baş katibi seçilib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, onun namizədliyi 57 üzv dövlət tərəfindən yekdilliklə dəstəklənib. Şeyx Əhməd səlahiyyət müddəti noyabrda başa çatacaq Hüseyn İbrahim Tahanı əvəz edəcək.

Yeni baş katib bundan əvvəl BMT-nin Yəmən üzrə xüsusi elçisi və Mavritaniyanın xarici işlər naziri kimi fəaliyyət göstərib. İƏT-in açıqlamalarında onun qarşıdakı dövrdə təşkilat daxilində birgə fəaliyyətin gücləndirilməsi və regional-beynəlxalq məsələlərdə İƏT-in rolunun artırılması üzərində çalışacağı bildirilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.