Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müdafiə sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başladığını açıqlayıb.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə onlayn formatda keçirilən brifinq zamanı “Report”un Şərqi Avropa bürosunun sualını cavablandırarkən danışıb. Ukrayna lideri NATO sammitində də Azərbaycan və Türkiyəyə təşəkkür etdiyini xatırladaraq bu sözləri bir daha təkrarlamaq istədiyini bildirib.
“Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz, həqiqətən də, müdafiə sektorunda əməkdaşlığa başlamışıq. Mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Bu ölkələrin liderlərinə və xalqlarına dərin təşəkkürümü bildirirəm”, — deyə Zelenski qeyd edib.
Ukrayna mediası da Zelenskinin açıqlamasını Kiyevin müdafiə tərəfdaşlığını genişləndirməsi kontekstində təqdim edib. “Mezha” yazır ki, Zelenski detallar barədə danışmaqdan imtina etsə də, Azərbaycan və Türkiyə ilə müdafiə istiqamətində irəliləyişin dinamik olduğunu bildirib.
Açıqlama NATO-nun Ankarada keçirilən sammitindən sonra verilib. NATO-nun rəsmi məlumatına görə, sammitdə müdafiə sənayesi, hərbi istehsal gücü və Ukraynaya dəstək əsas mövzulardan olub. Alyans liderləri 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində hərbi avadanlıq, yardım və təlim dəstəyi göstərməyi öhdələrinə götürüblər.
Zelenskinin açıqlaması göstərir ki, Kiyev təkcə Qərb ölkələri ilə deyil, regionun mühüm tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə də müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Bununla belə, Ukrayna Prezidenti konkret layihələr, silah sistemləri və ya əməkdaşlıq formatı barədə məlumat açıqlamayıb.