Gürcüstanda martın əvvəlində doqquz müxalif partiyanın yaratdığı birlikdə ilk açıq fikir ayrılığı yaranıb. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bildirib ki, əgər alyans “anti-Mişa” xəttini qəbul edərsə, partiya bu birlikdə qalmayacaq. Onun sözlərinə görə, alyansa qoşulmağın məqsədi müxalif düşüncəli seçiciləri birləşdirmək və səfərbər etmək idi, əks proses başlayarsa, çıxış qərarı da kollektiv şəkildə veriləcək.
MSNews.az Gürcüstan İctimai Televiziyasına istinadən xəbər verir.
Gərginliyə səbəb olan əsas epizod Mixeil Saakaşvilinin 18 aprel tarixli paylaşımı olub. “Interpressnews”-un yaydığı məlumata görə, Saakaşvilinin açıqlaması alyans daxilində və ictimaiyyətin bir hissəsində “şəxsi hücum” kimi qəbul edilib. Bunun ardınca alyansdakı doqquz partiyadan səkkizi birgə bəyanat verərək vurğulayıb ki, heç bir partiya və ya şəxs özünü müxalifətin və etiraz hərəkatının yeganə təmsilçisi və ya lideri elan edə bilməz. Həmin bəyanatı Vahid Milli Hərəkat imzalamayıb.
Bokuçava məhz, bu sənədə cavab olaraq bildirib ki, Vahid Milli Hərəkat “anti-Mişa mövqeyi” daşıyan heç bir birlikdə iştirak etməyəcək. O, həmçinin deyib ki, əgər proses konsolidasiya və səfərbərlik əvəzinə parçalanma, qarşıdurma və seçicilərin daha da uzaqlaşmasına xidmət edərsə, bu, artıq əks nəticə verən format sayılmalıdır. Bu bəyanat alyansın formal dağılması demək deyil, amma qurum daxilindəki gərginliyin açıq siyasi böhrana çevrildiyini göstərir.
Saakaşvili isə sonrakı açıqlamasında birliyin tərəfdarı olduğunu, lakin belə birliyin senzura tətbiq etməyə çalışması halında rejimlə mübarizə aparacaq qədər güclü olmayacağını yazıb. O, tərəfdarlarına “hədəfi dəyişməyi” və diqqəti əsas rəqibə yönəltməyi tövsiyə edib. Yəni qarşılıqlı ritorika artıq təkcə taktiki fikir ayrılığı yox, liderlik və siyasi xətt üzərində açıq narazılıq səviyyəsinə yüksəlib.
Alyansın daxilindəki bu qarşıdurma hakim komandanın da diqqətindən yayınmayıb. Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bu birliyi “təxminən onuncu belə besedka” adlandıraraq istehza edib və müxalifətdə ağır vəziyyət yarandığını söyləyib. Bundan əvvəl o, hakim “Gürcü Arzusu”nun Konstitusiya Məhkəməsinə etdiyi müraciəti genişləndirərək yeni alyansdakı daha çox partiyanı da qadağa tələbinə əlavə edə biləcəyini bildirmişdi.