Fransa Sakit Okean Komandanlığı yaradıb

Fransa Yeni Kaledoniya və Fransız Polineziyasındakı hərbi qüvvələrin fəaliyyətini əlaqələndirmək üçün Sakit Okean Komandanlığı yaradıb. Yeni struktur təxminən 3 200 hərbçini əhatə edir.

8

Fransa Sakit okean regionunda yerləşən hərbi qüvvələrinin fəaliyyətini daha mərkəzləşdirilmiş şəkildə əlaqələndirmək məqsədilə Sakit Okean Komandanlığını yaradıb.

MSNews.az xəbər verir ki, “Commandement pour le Pacifique” — CPP adı verilən yeni struktur 2026-cı il yanvarın 1-dən fəaliyyət göstərir. Komandanlığın qərargahı Fransız Polineziyasında yerləşir. Bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Yeni komandanlıq Fransız Polineziyasındakı və Yeni Kaledoniyadakı silahlı qüvvələrin fəaliyyətini vahid əməliyyat koordinasiyası altında birləşdirəcək. Struktur ümumilikdə təxminən 3 200 daimi hərbi qulluqçunu əhatə edir. Bununla belə, hər iki qüvvənin mövcud məsuliyyət zonaları dəyişdirilmir.

Komandanlıq Fransız Polineziyasındakı Fransa qüvvələrinin ali komandanının rəhbərliyi altında fəaliyyət göstərəcək. Onun Sakit okeanın müxtəlif ərazilərində yerləşən əlaqələndirici zabitlər şəbəkəsinə söykənəcəyi bildirilir.

Bundan başqa, ABŞ-nin Hind-Sakit Okean Komandanlığı yanında fəaliyyət göstərən Fransa hərbi missiyası Vaşinqtonla koordinasiyanı təmin edəcək və Fransa tərəfini bu strukturda təmsil edəcək.

Paris yeni komandanlığın yaradılmasını Sakit okeanda təhlükəsizlik çağırışlarının artması və regionun qlobal strateji əhəmiyyətinin güclənməsi ilə əsaslandırır. Strukturun Fransa qüvvələri arasında məlumat mübadiləsini, əməliyyatların planlaşdırılmasını və regional tərəfdaşlarla hərbi əməkdaşlığı gücləndirəcəyi gözlənilir.

Fransa Yeni Kaledoniya və Fransız Polineziyasındakı mövcudluğu vasitəsilə Sakit okeanda daimi hərbi qüvvələr saxlayan yeganə Avropa İttifaqı ölkəsidir. Yeni komandanlığın yaradılması Parisin regiondakı uzunmüddətli hərbi-strateji mövqeyini möhkəmləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.