Yaponiya hava-kosmik qüvvələr yaradacaq

Yaponiya parlamenti Hava Özünümüdafiə Qüvvələrinin “Hava və Kosmik Özünümüdafiə Qüvvələri” kimi yenidən təşkilinə dair qanun qəbul edib. Yeni struktur kosmik əməliyyatlara və hərbi peyklərlə bağlı fəaliyyətə nəzarət edəcək.

12

Yaponiya parlamenti ölkənin Hava Özünümüdafiə Qüvvələrinin yenidən təşkilinə dair qanun qəbul edib.

MSNews.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb. Qanuna əsasən, Yaponiyanın hazırkı Hava Özünümüdafiə Qüvvələri qismən yenidən formalaşdırılacaq və strukturun adı “Hava və Kosmik Özünümüdafiə Qüvvələri” olaraq dəyişdiriləcək.

Yenidən təşkilatlanmanın 2026-cı maliyyə ili ərzində, yəni 2027-ci ilin mart ayının sonunadək həyata keçirilməsi planlaşdırılır.

İslahat çərçivəsində xüsusi Kosmik Əməliyyatlar Qrupu yaradılacaq. Yeni struktur kosmik məkan üzrə müşahidə imkanlarının gücləndirilməsi, hərbi təyinatlı peyklərlə bağlı fəaliyyət, onların buraxılması və izlənməsi kimi məsələlərə cavabdeh olacaq.

Yaponiya hökuməti bu addımı kosmosun milli təhlükəsizlik baxımından getdikcə daha vacib sahəyə çevrilməsi ilə izah edir. Tokio hesab edir ki, peyklərin qorunması, kosmik obyektlərin izlənməsi və mümkün təhlükələrin vaxtında müəyyənləşdirilməsi ölkənin müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Yeni strukturun yaradılması həm də Yaponiyanın ABŞ və digər tərəfdaşlarla kosmik təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməsinə xidmət edəcək.

Qeyd olunur ki, bu dəyişiklik Yaponiyanın müdafiə sistemində mühüm mərhələ hesab edilir. Hava Özünümüdafiə Qüvvələrinin fəaliyyət sahəsinə kosmik əməliyyatların rəsmi şəkildə daxil edilməsi Tokionun təhlükəsizlik strategiyasında kosmosun rolunu daha da artırır.