Tayvan Çinin hərbi rəhbərliyində “anormal” dəyişiklikləri izləyir

Tayvan müdafiə naziri Çində yüksək rütbəli generalın istintaqa cəlb edilməsindən sonra hərbi rəhbərlikdə “anormal” dəyişikliklərin diqqətlə izlənildiyini bildirib.

21

Tayvan Çində yüksək rütbəli generalın istintaqa cəlb edilməsindən sonra ölkənin hərbi rəhbərliyində baş verən “anormal” dəyişiklikləri diqqətlə izlədiyini açıqlayıb.

Tayvanın müdafiə naziri Uellinqton Ku bildirib ki, Pekinin niyyətlərini anlamaq üçün müxtəlif kəşfiyyat, müşahidə və məlumat mübadiləsi mexanizmlərindən istifadə ediləcək.

Çin hakimiyyəti şənbə günü Prezident Si Cinpinin ən yaxın hərbi müttəfiqlərindən biri sayılan Mərkəzi Hərbi Komissiyanın sədr müavini Çjan Yousya və daha bir yüksək rütbəli zabitin ciddi intizam və qanun pozuntuları şübhəsi ilə istintaqa cəlb edildiyini elan edib.

Ku vurğulayıb ki, Tayvan yalnız ayrı-ayrı kadr dəyişikliklərinə əsaslanaraq nəticə çıxarmır, hərbi və qeyri-hərbi bütün göstəriciləri kompleks şəkildə təhlil edərək Çinin mümkün addımlarını qiymətləndirir. Qeyd edək ki, Pekin Tayvanı öz ərazisi hesab edir və adaya qarşı güc tətbiqindən heç vaxt rəsmi şəkildə imtina etməyib, Çin hərbi təyyarələri və gəmiləri isə demək olar ki, hər gün ada ətrafında fəaliyyət göstərir.