Çin səhrada ABŞ hərbi gəmilərinin maketlərini qurur

Çinin Təkləməkan səhrasındakı poliqonda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə bənzər maketlərdən istifadə etdiyi bildirilir. Peyk görüntüləri bu obyektlərin gəmi əleyhinə silahların sınağı və hərbi hazırlıq üçün nəzərdə tutula biləcəyini göstərir.

10

Çinin qərbindəki Təkləməkan səhrasında ABŞ hərbi gəmilərinə bənzər maketlərin yerləşdiyi poliqon yenidən diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, “Reuters” daha əvvəl Maxar peyk görüntülərinə istinadən bu ərazidə ABŞ aviadaşıyıcısının tamölçülü konturu və ən azı iki “Arleigh Burke” sinifli esminesə bənzər hədəfin qurulduğunu yazıb. Agentliyin məlumatına görə, obyektlər Təkləməkan səhrasındakı yeni hədəf poliqonunun bir hissəsi kimi qiymətləndirilib.

“USNI News” da həmin poliqonun Çin ordusunun gəmi əleyhinə imkanlarını sınaqdan keçirməsi üçün istifadə oluna biləcəyini bildirib. Nəşr yazır ki, ərazidə hərəkətli gəmini imitasiya edə biləcək rels sistemi də müşahidə olunub.

Sonrakı peyk görüntülərində ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Gerald R. Ford” aviadaşıyıcısına bənzəyən daha detallı maket də üzə çıxıb. “Business Insider”“The War Zone” yazır ki, bu maketdə gəminin göyərtəsindəki katapult xətləri və “ada” hissəsinin yerləşməsi real Ford sinifli aviadaşıyıcı ilə uyğunluq təşkil edir.

Məlumatlara əsasən, belə hədəflər Çin Xalq Azadlıq Ordusunun raket sistemlərinin, xüsusilə gəmi əleyhinə silahların sınağı və hədəf tanıma imkanlarının təkmilləşdirilməsi üçün istifadə oluna bilər. Bununla belə, Pekin bu obyektlərin konkret təyinatı ilə bağlı rəsmi və detallı açıqlama verməyib.

Çinin Tayvanla bağlı hərbi hazırlıqları kontekstində başqa oxşar obyektlər də gündəmə gəlib. “South China Morning Post”“Taipei Times” yazır ki, Daxili Monqolustandakı Zhurihe təlim bazasında Taypeyin hökumət binalarına bənzər maketlər genişləndirilib. Mənbələr bu kompleksin mümkün şəhər döyüşləri və zərbə ssenarilərinin məşqi üçün nəzərdə tutula biləcəyini bildirir.