ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına giriş-çıxışa qarşı tətbiq etdiyi dəniz blokadasını davam etdirdiyini və avqustun 30-na qədər 83 kommersiya gəmisinin marşrutunu dəyişməyə məcbur etdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, CENTCOM-un avqustun 30-da yayımladığı məlumatda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Delbert D. Black” raket esminesinin Ərəbistan dənizində blokadanın icrasında iştirak etdiyi bildirilib. Komandanlığın məlumatına görə, indiyədək 83 kommersiya gəmisinin istiqaməti dəyişdirilib, 3 gəmi hərəkətsiz vəziyyətə gətirilib və 2 gəmiyə minilərək blokada qaydalarına uyğunluq yoxlanılıb.
Burada CENTCOM-un istifadə etdiyi “disabled” ifadəsi gəmilərin batırılması deyil, onların hərəkəti davam etdirmək imkanının sıradan çıxarılması mənasını verir. Məsələn, iyulun 15-də ABŞ qüvvələri İranın Xark adasına doğru gedən, Kürasao bayrağı altında üzən boş “M/T Belma” neft tankerini xəbərdarlıqlara tabe olmadığını əsas gətirərək “Hellfire” raketləri ilə vurmuş və gəminin səfərini davam etdirməsinin qarşısını almışdı. CENTCOM-un rəsmi məlumatı
ABŞ hazırkı blokadanı iyulun 14-də yenidən tətbiq etməyə başlayıb. CENTCOM-un rəsmi açıqlamasında blokadanın İran limanlarına və sahilyanı ərazilərinə gedən və ya oradan çıxan gəmilərə şamil olunduğu, qaydaları pozmayan regional dəniz nəqliyyatının isə davam etdirilməsinə imkan verildiyi bildirilir. CENTCOM
Bu, İranın dəniz nəqliyyatına qarşı ilk belə mərhələ deyil. ABŞ blokadanı ilk dəfə 13 aprel–18 iyun tarixlərində tətbiq etmişdi. CENTCOM həmin dövrdə 140-dan çox gəminin marşrutunun dəyişdirildiyini, 9 gəminin hərəkətsiz vəziyyətə gətirildiyini, humanitar yardım daşıyan 50-dən çox kommersiya gəmisinin isə keçməsinə icazə verildiyini açıqlayıb.
Blokada və İranın Hörmüz boğazı ətrafındakı hərbi fəaliyyəti regional gəmiçiliyə ciddi təsir göstərir. “Reuters” Kpler məlumatlarına istinadən yazır ki, həftəsonu Hörmüz boğazından keçən izlənə bilən əmtəə daşıyan gəmilərin sayı gündə cəmi beşə qədər enib. Bununla belə, bəzi gəmilər təhlükəsizlik səbəbilə AIS izləmə sistemlərini söndürdüklərindən real rəqəmin daha yüksək ola biləcəyi qeyd olunur.
Gərginlik ABŞ-ın avqustun 30-da İranın Larak adasındakı iki raket buraxılış qurğusuna zərbə endirməsi ilə daha da artıb. Vaşinqton SEPAH qüvvələrinin Hörmüz boğazına dəniz minaları yerləşdirmək üçün raketlər hazırladığını iddia edib. İran isə hücuma cavab olaraq İordaniyadakı ABŞ hərbi obyektlərinə raketlər atdığını açıqlayıb. “Reuters”
Beləliklə, yayılan 83, 3 və 2 rəqəmləri CENTCOM-un rəsmi məlumatına uyğundur. Ancaq bunu “ABŞ Ərəbistan dənizində bütün kommersiya gəmilərini bloklayır” kimi təqdim etmək doğru olmaz: Vaşinqtonun elan etdiyi rejim konkret olaraq İran limanlarına gedən və oradan çıxan dəniz nəqliyyatına yönəlib