Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin gələcəkdə digər ölkələrin iştirakı ilə genişləndirilə biləcəyini bildirib.
MSNews.az xəbər verir ki, Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində sazişin üzv dövlətlərdən birinin xarici hücuma məruz qalacağı təqdirdə tərəflərin birlikdə hərəkət etməsini nəzərdə tutduğunu deyib. Türkiyə lideri Misirin də gələcəkdə bu mexanizmə qoşulmasının mümkün olduğunu və sazişin yalnız hazırkı üç ölkə ilə məhdudlaşmadığını vurğulayıb.
Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də Məkkədə Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sənədə əsasən, üç ölkədən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək. Bununla belə, “Reuters” qeyd edir ki, sazişdə tərəflərin mümkün hücum zamanı konkret hansı hərbi addımları atacağı ətraflı göstərilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə daha əvvəl sazişin qarşılıqlı müdafiə prinsipinin texniki baxımdan NATO müqaviləsinin 5-ci maddəsinə bənzədiyini açıqlayıb. O bildirib ki, hücum baş verərsə, yardımın forması tərəflərin məsləhətləşmələri əsasında müəyyənləşdiriləcək və dəstək kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi qüvvələrin göndərilməsinədək dəyişə bilər. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Ankara sazişin İran və ya hər hansı başqa ölkəyə qarşı yönəlmədiyini bildirir. Fidanın sözlərinə görə, sazişi imzalayan dövlətlərə hücum etməyən heç bir ölkə paktın hədəfi hesab edilmir.
Misir tərəfi də mümkün üzvlüyü istisna etmir. Misirin xarici işlər naziri Bədr Əbdülati “Anadolu Agentliyi” ilə müsahibəsində məsələnin ölkənin dövlət qurumları tərəfindən ciddi və hərtərəfli şəkildə araşdırıldığını bildirib.