Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər və Pakistan rəsmiləri ilə ayrı-ayrılıqda telefon danışığı apararaq İranla ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib.
MSNews.az xəbər verir ki, Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani, həmçinin Pakistanın hərbi rəhbəri, feldmarşal Asim Munirlə telefon əlaqəsi saxlayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrə istinadən “TRT Haber” məlumat yayıb.
Danışıqlar zamanı Tehranla Vaşinqton arasında aparılan müzakirələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışıqlarının ayrı-ayrılıqda keçirildiyi bildirilsə də, tərəflərin konkret təklifləri və müzakirə olunan mümkün razılaşmanın detalları açıqlanmayıb.
“Anadolu Agentliyi” də görüşləri təsdiqləyərək Fidanın həm Qətər rəsmisi, həm də Asim Munirlə İran–ABŞ danışıqları barədə fikir mübadiləsi apardığını bildirib.
Qətər və Pakistan son dövrdə İranla ABŞ arasında gərginliyin diplomatik yolla azaldılması istiqamətində vasitəçilik səylərində iştirak edirlər. “Reuters” Pakistanın tərəflər arasında danışıqların yenidən başlanmasına çalışdığını, əvvəlki vasitəçilik təşəbbüslərində Qətərin də iştirak etdiyini yazıb.
Türkiyə tərəfi telefon danışıqlarının nəticələri və növbəti diplomatik addımlar barədə hələlik əlavə məlumat yaymayıb.