Ermənistanda parlament seçkiləri ərəfəsində seçiciləri pulla ələ almaqda şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb.
MSNews.az xəbər verir ki, “Armenpress” Ermənistan İstintaq Komitəsinə istinadən istintaq zamanı genişmiqyaslı seçici rüşvəti sxeminin üzə çıxarıldığını yazıb. Məlumata görə, iş “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan şəxslərdən biri və onunla əlbir olan şəxslərlə bağlıdır.
İstintaqın versiyasına əsasən, Artaşat şəhərində 100-dən çox seçiciyə 7 iyun parlament seçkilərində “Güclü Ermənistan” blokunun lehinə səs vermələri üçün 100 min dramdan 500 min drama qədər pul təklif edilib və ya ödənilib. Ermənistan hüquq-mühafizə orqanları sxemdə iştirak etdiyi güman olunan digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlərin davam etdiyini bildirib.
“Armenpress”in başqa bir məlumatına görə, Ermənistanın Antikorrupsiya Komitəsi daha əvvəl də “Güclü Ermənistan” blokunun Yerevanın Açapnyak rayonundakı ofisi ilə bağlı seçici rüşvəti iddiaları üzrə saxlanılmalar həyata keçirib. Rəsmi məlumata əsasən, partiya ofisində fəaliyyət göstərən şəxslər, tərəfdarlar və digər iştirakçılar seçicilərə pul vəd etməkdə və rüşvət verməkdə şübhəli bilinirlər.
“Reuters” yazır ki, seçkilərdən bir gün əvvəl Ermənistan hakimiyyəti rusiyalı-erməni iş adamı Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” blokundan 6 deputatlığa namizədi də saxlayıb. Agentliyin məlumatına görə, Ermənistan Mərkəzi Seçki Komissiyası həmin şəxslər barəsində cinayət təqibinə razılıq verib.
“Associated Press” qeyd edir ki, Ermənistan seçkiləri ölkənin geosiyasi kursu baxımından mühüm mərhələ hesab olunur. Hakim “Mülki Müqavilə” Partiyası Qərblə əməkdaşlığın dərinləşdirilməsini müdafiə etdiyi halda, əsas müxalif qüvvələrin bir hissəsi Rusiya ilə daha yaxın münasibətlərin qorunmasını istəyir. Bu kontekstdə “Güclü Ermənistan” seçki kampaniyasında rusiyayönümlü əsas müxalif qüvvələrdən biri kimi təqdim olunur.
Bununla yanaşı, seçici rüşvəti iddiaları yalnız “Güclü Ermənistan”la məhdudlaşmır. “Armenpress” Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən yazıb ki, “Ermənistan” bloku ilə əlaqəli deputatlığa namizədlərdən biri üzrə də seçicilərin pulla ələ alınması işi araşdırılır və bir neçə şəxs saxlanılıb.
Müxalifət dairələri saxlanılmaları siyasi təzyiq kimi qiymətləndirir. “Güclü Ermənistan”ın lideri Samvel Karapetyan ona və tərəfdarlarına qarşı ittihamların siyasi motivli olduğunu bildirir. Ermənistan hüquq-mühafizə orqanları isə işlərin seçki qanunvericiliyinin pozulması, seçici rüşvəti və pul yuyulması şübhələri üzrə aparıldığını açıqlayır.
Hazırda saxlanılan şəxslərin işi üzrə istintaq davam edir. Ermənistan qanunvericiliyinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan həmin şəxslər təqsirli hesab olunmurlar.