Ederson Braziliya millisinə toyda olarkən çağırıldı

“Atalanta”nın yarımmüdafiəçisi Ederson zədəli Ueslinin əvəzinə Braziliya millisinin DÇ-2026 heyətinə çağırılıb. Futbolçu bu xəbəri dostunun toyundan sonra öyrənib.

12

“Atalanta”nın yarımmüdafiəçisi Ederson Braziliya millisinin DÇ-2026 heyətinə son anda çağırılıb.

MSNews.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası rəsmi məlumat yayıb. Qurumun açıqlamasına görə, “Roma”nın müdafiəçisi Uesli Misirlə yoldaşlıq oyununda sol budun adduktor əzələsindən zədə alıb və mundialda iştirak edə bilməyəcək.

Reuters”in məlumatına görə, Uesli Braziliyanın Misirə 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib. MRT müayinəsindən sonra onun DÇ-2026-dan kənarda qalacağı müəyyənləşib. Baş məşqçi Karlo Ançelotti müdafiəçinin yerinə Edersonu heyətə dəvət edib.

Ederson üçün çağırış gözlənilməz olub. “Globo” yazır ki, futbolçu həmin vaxt doğma şəhəri Kampo Qrandedə istirahətdə idi və Braziliya – Misir oyunu keçirilərkən dostu, futbolçu Romulonun toyunda iştirak edib. Ederson əvvəlcədən DÇ üçün 55 nəfərlik geniş siyahıda olsa da, yekun heyətə düşmədiyi üçün çağırış gözləmirdi.

Məlumata görə, futbolçu toya pasportsuz getmişdi, çünki sənədləri Rio-de-Janeyroda qalmışdı. Çağırışdan sonra dostları onun pasportunu San-Pauluya çatdırmalı, həyat yoldaşı isə səfər üçün çanta və geyim hazırlamalı olub.

UOL”un məlumatına görə, Ederson sosial şəbəkədə paylaşım edərək çağırışı “Allahın planları mənim planlarımdan böyükdür” sözləri ilə şərh edib. O, həmçinin zədə səbəbindən turnirdən kənarda qalan Uesliyə dəstək mesajı göndərib.

Edersonun DÇ-2026 üçün Braziliya heyətinə qoşulması gözlənilir. Braziliya Futbol Konfederasiyasının məlumatına görə, yarımmüdafiəçi ABŞ-da milli komandanın düşərgəsinə qatılacaq.

Braziliya DÇ-2026-da “C” qrupunda mübarizə aparacaq. Beşqat dünya çempionu qrup mərhələsində Mərakeş, HaitiŞotlandiya ilə qarşılaşacaq.