İsveç, Niderland, İspaniya və Polşa Avropa İttifaqında dondurulmuş Rusiya dövlət aktivlərindən Ukraynaya dəstək üçün daha geniş istifadə edilməsi məsələsinin yenidən müzakirəyə çıxarılmasını istəyir.
“Financial Times” yazır ki, dörd ölkə Avropa Komissiyasına müraciət edərək əvvəlki planın qarşısını alan hüquqi və siyasi maneələrin aradan qaldırılması üçün yeni variantların araşdırılmasını tələb edir. Məqsəd Rusiyanın Aİ-də immobilizasiya edilmiş suveren aktivlərinin Ukraynanın maliyyə və müdafiə ehtiyaclarının ödənilməsində daha fəal istifadəsidir.
Aİ-də Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avro həcmində aktiv dondurulub. Onların təxminən 185 milyard avrosu Belçikada yerləşən “Euroclear” depozitarında saxlanılır. Bu səbəbdən Belçikanın mövqeyi mümkün yeni mexanizmin qəbulunda həlledici əhəmiyyət daşıyır.
2025-ci ilin dekabrında Aİ daxilində dondurulmuş aktivlərlə təmin edilən daha geniş “reparasiya krediti” modelinə keçid müzakirə olunurdu. Lakin Belçika mümkün məhkəmə iddiaları, “Euroclear”-a qarşı Rusiyanın cavab tədbirləri və maliyyə risklərinin əsasən Belçikanın üzərində qala biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdi. Nəticədə həmin model üzrə siyasi razılaşma əldə olunmadı.
Bunun əvəzinə Aİ 2025-ci ilin dekabrında Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avroluq kredit verilməsi barədə razılığa gəldi. Kredit Rusiya aktivlərinin birbaşa müsadirəsi hesabına deyil, Aİ-nin kapital bazarlarından borclanması və İttifaq büdcəsinin zəmanəti ilə maliyyələşdirilir.
Həmin vəsaitin təxminən 60 milyard avrosunun Ukraynanın müdafiə ehtiyaclarına, 30 milyard avrosunun isə büdcə dəstəyinə ayrılması nəzərdə tutulub. Aİ indiyədək bu mexanizm üzrə Ukraynaya 11,6 milyard avro vəsait ödəyib.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib ki, Ukraynanın artan ehtiyacları fonunda Rusiya aktivlərinin istifadəsi məsələsini yenidən gündəmə gətirmək üçün uyğun vaxtdır. Onun mövqeyinə görə, müharibənin vurduğu zərərin maliyyə yükünün mümkün qədər Rusiyanın üzərinə qoyulması prinsipial əhəmiyyət daşıyır.
Dörd ölkə həmçinin risklərin yalnız Belçikanın üzərində qalmamasını, mümkün hüquqi və maliyyə məsuliyyətinin Aİ üzvləri arasında bölüşdürülməsini istəyir.
Bununla belə, Brüsseldə əvvəlki etirazları tam aradan qaldıracaq yeni hüquqi mexanizmin hələ hazırlanmadığı bildirilir. Belçikanın mövqeyi də dəyişməyib.
Aİ artıq dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin və mənfəətin bir hissəsini Ukraynaya yardım üçün istifadə edir. Lakin hazırkı müzakirə bundan daha irəli gedərək aktivlərin özünün və ya onlarla bağlı pul qalığının gələcək kredit mexanizmlərində istifadə olunması imkanına aiddir.
Avropa Şurasının 2025-ci ilin dekabr qərarında da Rusiya aktivlərinin Moskva Ukraynaya təzminat ödəyənədək dondurulmuş vəziyyətdə qalacağı və Aİ-nin gələcəkdə həmin aktivlərdən Ukraynaya verilən kreditlərin qaytarılması üçün istifadə hüququnu özündə saxladığı qeyd olunur.
Məsələnin sentyabrın 1–2-də İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə yenidən müzakirəyə çıxarılması gözlənilir.