Rusiya NATO-ya Kalininqrad vilayəti ilə bağlı sərt xəbərdarlıq göndərib. Moskva alyans ölkələrinin Kalininqradı Rusiyanın qalan hissəsindən təcrid etməyə cəhd göstərəcəyi halda nüvə silahları da daxil olmaqla sərəncamındakı bütün qüvvə və vasitələrdən istifadə etməyə hazır olacağını bildirib.
MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın NATO-ya göndərdiyi diplomatik sənədlə tanış olan “Reuters” məlumat yayıb.
Sənəddə Moskva NATO-nu “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edir və mövcud vəziyyətin birbaşa silahlı münaqişənin başlanması üçün yüksək risk yaratdığını bildirir.
Rusiya tərəfi mümkün qarşıdurmanın ilkin mərhələsindən NATO üzvü olan ölkələrdəki “qərar qəbuletmə mərkəzlərinə” zərbələrin endirilə biləcəyini də qeyd edib. Moskvanın sənədində xüsusilə Kalininqradın Rusiyanın əsas ərazisindən təcrid edilməsi ssenarisi vurğulanır.
Kalininqrad Rusiyanın Baltik dənizi sahilində, NATO üzvləri Polşa və Litva arasında yerləşən eksklavıdır. Regionda Rusiya Baltik Donanmasının bazası və nüvə başlığı daşımaq qabiliyyətinə malik raket sistemləri daxil olmaqla mühüm hərbi infrastruktura malikdir.
NATO Rusiyanın müraciətinə yazılı cavab göndərib. Alyans öz fəaliyyətinin müdafiə xarakterli olduğunu və Rusiya ərazisi üçün təhlükə yaratmadığını bildirib. NATO həmçinin Moskvanın nüvə ritorikasını dayandırmağa çağırıb.
NATO-nun baş katibi Mark Rütte Rusiyanın sənədinin konkret məzmununu açıqlamaq istəməsə də, belə bir müraciətə cavab verildiyini təsdiqləyib.
Rütte nüvə silahından istifadə riskinin hazırda real olub-olmadığı barədə suala isə mənfi cavab verərək Rusiyanın NATO ilə hərbi qarşıdurmada qalib gələ bilməyəcəyini bildiyini söyləyib.
Son günlər Rusiyanın Böyük Britaniya, İrlandiya və Belçika da daxil olmaqla bir sıra Avropa ölkələrindəki səfirlikləri Kalininqradla bağlı oxşar xəbərdarlıqlar yayıb. Rusiya tərəfi NATO-nun regionu blokadaya almağa hazırlaşdığına dair məlumatlara malik olduğunu iddia edir. NATO isə belə bir planın olduğunu rədd edir.
Kreml sözçüsü Dmitri Peskov bu bəyanatları Avropadakı siyasətçilərə ünvanlanan çəkindirici xəbərdarlıq kimi əsaslandırıb. Avropa rəsmiləri isə öz növbəsində Rusiyanı kiberhücumlar, sabotaj və digər vasitələrlə Avropaya qarşı hibrid fəaliyyətləri gücləndirməkdə ittiham edirlər. Moskva bu ittihamları rədd edir.