Pərviz Əliyev: “Londonun Ukrayna layihəsi yeni mərhələyə keçir”

Siyasi araşdırmaçı Pərviz Əliyev Ukrayna ətrafında son hərbi-siyasi prosesləri Londonun Şərqi Avropada yeni təhlükəsizlik arxitekturası qurmaq planı ilə əlaqələndirib.

83

Siyasi araşdırmaçı Pərviz Əliyevin fikrincə, Ukraynanın son həftələrdə hərbi sahədə müəyyən üstünlük qazanması, Kiyevin Belarusa qarşı sərt ritorikası və regionda diplomatik aktivliyin artması təsadüfi proseslər deyil.

O hesab edir ki, London Şərqi Avropada Ukrayna, Polşa, Litva, Latviya, Estoniya və Belarus xətti üzrə yeni təhlükəsizlik konfiqurasiyası formalaşdırmağa çalışır. Əliyevin sözlərinə görə, bu model mahiyyət etibarilə Britaniya patronajlığında “mini NATO” formatına bənzəyir və Rusiya ilə Belarus üzərində təzyiqin artması da məhz bu geosiyasi xəttin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Araşdırmaçı Lukaşenkonun Vatikanla əlaqələrinə, eləcə də ABŞ rəsmilərinin Minskə son səfərlərinə ayrıca diqqət çəkərək bildirir ki, Belarus ətrafında gedən proseslər daha geniş regional planın elementləri kimi oxunmalıdır.

Pərviz Əliyevin qənaətinə görə, Londonun Ukrayna layihəsi artıq yeni fazaya keçir və bu mərhələdə Ukrayna klassik dövlət funksiyasından daha çox, Qərbin regional hərbi-siyasi aləti rolunda çıxış edir. O, Avropa İttifaqı rəhbərliyinin sülh çağırışlarını isə real siyasi xəttdən uzaq hesab edir və Brüsseldəki əsas fiqurların Londonun mövqeyini təkrarladığını düşünür.

Polşa-Ukrayna münasibətlərində müşahidə olunan gərginliyə gəlincə, Əliyev qeyd edir ki, güclü Ukrayna Polşanın uzunmüddətli milli maraqları baxımından birmənalı şəkildə rahat qəbul edilən faktor deyil.