Çində məşhur bloqerin iti oğurlanaraq restorana satılıb

Çində Douyin platformasında 1,5 milyondan çox izləyicisi olan Çutou adlı məşhur it oğurlanaraq 180 yuana restorana satılıb. Hadisə ölkədə ev heyvanlarının hüquqi müdafiəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

16

Çində 1,5 milyondan çox izləyicisi olan məşhur itin oğurlanaraq restorana satıldığı bildirilir.

MSNews.az xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, “Çutou” adlı “Border Collie” cinsli it naməlum şəxslər tərəfindən aparılıb və daha sonra 180 yuana, təxminən 25 ABŞ dollarına restorana satılıb.

“Çutou” və onun sahibi, Quo soyadlı səyahət bloqeri Çinin “Douyin” platformasında yayımladıqları videolarla məşhurlaşıblar. Quo illərlə “Çutou” ilə birlikdə Çinin müxtəlif bölgələrinə səfərlər edib və onların hesabı 1,5 milyondan çox izləyici toplayıb.

The Straits Times” yazır ki, hadisə Quonun Gürcüstana təkbaşına səfərə çıxdığı vaxt baş verib. Bloqer iti valideynlərinin yanında qoyub. Mayın 11-də Quonun atası “Çutou”nun ailəyə məxsus sahədən yoxa çıxdığını görüb. Daha sonra müşahidə kameralarının görüntülərində iki nəfərin iti elektrikli motosikletlə apardığı müəyyənləşib.

Hadisədən xəbər tutan Quo səfərini yarımçıq qoyaraq Çinə qayıdıb və axtarışa başlayıb. Məlumata görə, o, iti aparmaqda şübhəli bilinən şəxsi tapıb. Həmin şəxs iti sahibsiz hesab etdiyini və daha sonra onu alverçiyə satdığını bildirib. Quo isə bu izahı qəbul etməyib, çünki itin boyunluğu və izləmə cihazı olduğu qeyd edilir.

People” nəşrinin məlumatına görə, “Çutou” artıq restorana satılaraq öldürülmüşdü. Quo itin qalıqlarını və ya tükünü götürmək istəsə də, ona bunun mümkün olmadığı bildirilib. Şübhəli şəxslərdən birinin “İt ölüb, səs-küy salma. Mən qanunu pozmamışam” dediyi iddia olunur.

Hadisə Çində ev heyvanlarının hüquqi statusu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. “South China Morning Post”un yazdığına görə, Çində ev heyvanları hüquqi baxımdan əsasən mülkiyyət kimi qiymətləndirilir. Hüquqşünas Du Vey bildirib ki, oğurluq üzrə cinayət məsuliyyətinin tətbiqi üçün əmlakın dəyərinin 2 min yuandan çox olduğunu sübut etmək tələb oluna bilər. Bu səbəbdən “Çutou”nun sosial media məşhurluğu və sahibinə vurulan mənəvi zərərin hüquqi baxımdan qiymətləndirilməsi çətin ola bilər.

World Animal Protection” təşkilatının məlumatına görə, Çində heyvanlara qarşı pis rəftarı ümummilli səviyyədə qadağan edən ayrıca geniş qanunvericilik hələ mövcud deyil. Bu isə ev heyvanları ilə bağlı oxşar hallarda hüquqi müdafiənin məhdudluğu barədə müzakirələri artırır.

Quo şəxsi razılaşma və ya vasitəçiliyi qəbul etməyəcəyini, məsələni hüquqi yolla davam etdirəcəyini bildirib. Hazırda işin hansı hüquqi nəticə ilə yekunlaşacağı bəlli deyil.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930