Quan Yin heykəlini sındıran çinli bloqer 24 yaşında vəfat edib

Paranormal mövzularda videoları ilə tanınan çinli bloqer Jiang Xiaorou iyulda keçirdiyi ağır yol qəzasından sonra 24 yaşında vəfat edib. Onun bir il əvvəl Quan Yin heykəlini sındırdığı video ölümündən sonra yenidən gündəmə gəlib.

67

Çində paranormal hadisələr və xurafatla bağlı videoları ilə tanınan 24 yaşlı bloqer Jiang Xiaorou iyul ayında keçirdiyi ağır yol-nəqliyyat hadisəsindən sonra vəfat edib. Onun ölümü ailəsi tərəfindən avqustun 11-də sosial media hesabında təsdiqlənib.

MSNews.az xəbər verir ki, “People”“HK01” bloqerin avqustun 10-da həyatını itirdiyini bildirir. Jiang Xiaorou iyulun 15-də Quanqsi bölgəsindən Quançjouya qayıdarkən avtomobildə ağır qəzaya düşmüş, ciddi beyin və daxili orqan xəsarətləri alaraq reanimasiyaya yerləşdirilmişdi. O, təxminən bir ay komada qaldıqdan sonra vəfat edib.

Jiang Xiaorou Çinin “TikTok” analoqu “Douyin” platformasında paranormal hadisələri araşdırması, tərk edilmiş məkanlara səfərləri və müxtəlif xurafatları sınağa çəkməsi ilə məşhurlaşmışdı. Onun hesabını bir milyondan çox istifadəçi izləyirdi.

Bloqer 2025-ci ilin avqustunda yayımladığı qalmaqallı videoda Buddizmdə mərhəmətlə əlaqələndirilən Quan Yin obrazının heykəlini sındırmışdı. “People”in məlumatına görə, bunu xurafata qarşı hazırladığı videonun bir hissəsi kimi etmiş və hərəkətindən sonra nə qədər yaşayacağını görəcəyini söyləmişdi. Video həmin vaxt geniş tənqidlərə səbəb olmuşdu.

Xiaorounun ölümündən sonra həmin görüntülər yenidən yayılıb və sosial şəbəkələrdə qəzanı “karma” ilə əlaqələndirən paylaşımlar ortaya çıxıb.