Çində hərbi-siyasi silkələnmə: Avqust toplantısı nəyi dəyişə bilər?

Çin üzrə mütəxəssis Pərviz Əliyev Mərkəzi Hərbi Komissiyada baş verən son prosesləri, Si Cinpinin ordu üzərində nəzarətini və Beidayxe toplantısının mümkün siyasi nəticələrini təhlil edir.

236

Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, Çin Kommunist Partiyası daxilində son aylarda baş verən proseslər ölkənin hərbi-siyasi idarəetmə sistemində ciddi silkələnmənin yaşandığını göstərir.

Ekspert hesab edir ki, Mərkəzi Hərbi Komissiyanın yüksək rütbəli fiqurları Çjan Yusya və Liu Çjenli ətrafında baş verənlər Pekində sadəcə antikorrupsiya kampaniyası kimi deyil, həm də hakimiyyətin yenidən konsolidasiyası prosesi kimi qiymətləndirilməlidir.

Pərviz Əliyevin sözlərinə görə, prosesin ən mühüm tərəfi Mərkəzi Hərbi Komissiyanın əvvəlki yeddi nəfərlik strukturunda faktiki olaraq yalnız Si Cinpin və yeni vitse-sədr Çjan Şenqminin ön plana çıxmasıdır. Bu isə Çin ordusunda qərarvermə mexanizminin daha dar və daha loyal dairənin nəzarətinə keçməsi anlamına gələ bilər.

Ekspert bildirir ki, Çjan Yusyanın hədəfə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki o, uzun illər Si Cinpinin yaxın hərbi dayaqlarından biri hesab olunurdu və siyasi baxımdan toxunulmaz fiqur kimi görünürdü. Bu baxımdan onun ətrafında baş verənlər sadəcə kadr dəyişikliyi deyil, daha dərin siyasi yenidənqurma siqnalı kimi oxunmalıdır.

Pərviz Əliyevin fikrincə, hazırda əsas sual ondan ibarətdir ki, Si Cinpin qarşıdakı illərdə Tayvan, ABŞ-la rəqabət və 21-ci Qurultay kontekstində ordunu tamamilə öz siyasi xəttinə uyğunlaşdırmağa çalışırmı. Ekspertə görə, son proseslər Pekinin daha sərt hərbi-siyasi konsolidasiya xəttinə yaxın olduğunu göstərir.

Avqust ayında Beidayxe ətrafında gözlənilən qeyri-rəsmi siyasi təmasların da bu baxımdan xüsusi önəm daşıdığını vurğulayan Pərviz Əliyev hesab edir ki, həmin görüşlər 21-ci Qurultaya qədər Çin daxilində klanlararası mübarizənin istiqamətini müəyyən edə bilər.

Ekspertin qənaətinə görə, Çin rəhbərliyi hazırda iki əsas seçim qarşısındadır: ya ABŞ-la qarşıdurmanı yumşaldaraq daxili balansı qorumaq, ya da Si Cinpinin liderliyi ətrafında daha sərt hərbi-siyasi konsolidasiya xəttini davam etdirmək. Pərviz Əliyev bildirir ki, son proseslər ikinci variantın daha real göründüyünü deməyə əsas verir.