Asif Nərimanlı: “Hicab müzakirəsinin arxasında ideoloji təsir mübarizəsi var”

Siyasi araşdırmaçı Asif Nərimanlı məktəblərdə geyim qaydaları ətrafında yaranan “hicab” müzakirələrini İran və Türkiyədən qaynaqlanan ideoloji təsir rəqabəti, siyasi İslam və Azərbaycanın ideoloji təhlükəsizliyi kontekstində təhlil edib.

78

Məktəblərdə geyim qaydaları ətrafında yaranan müzakirələrə yalnız “hicab qadağası” prizmasından baxmaq düzgün deyil. Siyasi araşdırmaçı Asif Nərimanlı hesab edir ki, proses Azərbaycanın dini-ideoloji məkanı uğrunda daha geniş təsir mübarizəsinin fonunda qiymətləndirilməlidir.

Nərimanlının fikrincə, ilk diqqətçəkən məqam məktəblərdə vahid geyim qaydalarının məqsədli şəkildə “Azərbaycanda hicab qadağası” kimi təqdim olunmasıdır.

“Mən əvvəldən iki məsələ üzərində dayanmışam: məktəbdə geyim qaydalarının ‘Azərbaycanda hicab qadağası’ kimi təqdim edilməsi və baş verənlərin xarici ambisiyalar üçün istifadə olunması”.

Onun qənaətinə görə, İran istiqamətində bu xətt daha əvvəl də müşahidə olunub. Nərimanlı Qumda keçirilən toplantıları, İran mediasındakı ritorikanı və müxtəlif ölkələrdə eyni tezislərin sinxron şəkildə səsləndirilməsini buna nümunə göstərir.

İran və Türkiyə eyni mövqedədir, yoxsa rəqibdir?

Araşdırmaçı hesab edir ki, ilk baxışdan İran və Türkiyədəki müəyyən dini çevrələrin mövqeləri üst-üstə düşsə də, əslində tərəflər Azərbaycanın inanclı kəsimi üzərində təsir imkanları uğrunda rəqabət aparırlar.

“Burada İran və Türkiyənin maraqlarının uzlaşması görünə bilər, xüsusilə məsələyə ‘vahid mövqe’dən yanaşmada. Amma pərdəarxasında toqquşma var. İran daha çox məzhəb amilindən, Türkiyədəki müəyyən siyasi-dini çevrələr isə etnik və mədəni yaxınlıqdan istifadə etmək imkanına malikdir”.

Nərimanlı Türkiyədən gələn reaksiyaların Azərbaycan cəmiyyətində daha çox təəccüb doğurmasını iki ölkə arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətləri ilə əlaqələndirir.

Onun fikrincə, məhz bu yaxınlıq Türkiyədən qaynaqlana biləcək dini-ideoloji təsirlərin təhlükə kimi qəbul edilməsini çətinləşdirir.

Azərbaycanda dinin siyasiləşməsi nə vaxt başladı?

Siyasi araşdırmaçı prosesin köklərinin daha əvvələ getdiyini bildirir.

Onun təhlilinə görə, 2005-ci ildən sonra dini elektoratın siyasi proseslərdə çəkisinin artması, 2010-2011-ci illərdə keçirilən hicab aksiyaları isə siyasi İslamın daha açıq şəkildə görünməsinə səbəb olub.

“2010-2011-ci illərin hicab aksiyaları siyasi İslamın vitrində görünməsinin ilk ciddi mərhələlərindən biri idi. 2013-cü il seçkilərində isə həm iqtidarın, həm də müxalifətin siyasiləşmiş dini elektorata münasibətdə müxtəlif gedişlərinin şahidi olduq”.

Nərimanlı 2013-cü ildən sonrakı dövrü isə radikallaşma mərhələsi kimi xarakterizə edir və “Müsəlman Birliyi Hərəkatı”nın yaranması, 2015-ci il Nardaran və 2018-ci il Gəncə hadisələrini bu prosesin mühüm mərhələləri hesab edir.

Onun fikrincə, sonrakı illərdə İranın təsir imkanları iki əsas səbəbdən zəifləyib: dini-siyasi radikallaşmanın geniş ictimai dəstək qazanmaması və proseslərin arxasında İran amilinin görünməsinin Azərbaycan cəmiyyətində mənfi qarşılanması.

2020-ci ildən sonra ideoloji boşluq yarandı

Nərimanlı hesab edir ki, 44 günlük müharibə və regionda güc balansının dəyişməsi Azərbaycanın dini-ideoloji məkanında da yeni mərhələ yaradıb.

“2020-ci ildən sonra İranın Azərbaycandakı ideoloji təsiri ciddi şəkildə zəiflədi. Bununla paralel olaraq Türkiyədəki siyasi İslamın Azərbaycanın dini-ideoloji məkanında daha fəal mövqe tutmaq imkanları yarandı”.

Araşdırmaçı bunu İran modelindən fərqli, lakin daha çətin sezilən risk hesab edir.

Onun fikrincə, Türkiyə və Azərbaycan arasındakı milli və mədəni yaxınlıq bu tip təsirlərin cəmiyyət tərəfindən xarici ideoloji müdaxilə kimi qəbul edilməsini çətinləşdirir. Eyni zamanda, Türkiyədəki dini camaat və təriqətlərin təşkilatlanma təcrübəsinin daha güclü olması bu təsirin sistemli şəkildə həyata keçirilməsi riskini artırır.

“FETÖ nümunəsində mütəşəkkil dini şəbəkələrin necə fəaliyyət göstərə bildiyini görmüşük. Buna görə İranın zəifləyən mövqeyinin başqa ideoloji mərkəzlər tərəfindən tutulmasına da eyni həssaslıqla yanaşmaq lazımdır”.

Məktəblərdəki proses ideoloji təhlükəsizlik məsələsidirmi?

Nərimanlının fikrincə, məktəblərdə geyim qaydaları ilə bağlı dövlətin sərt yanaşmasını yalnız inzibati qərar kimi qiymətləndirmək kifayət deyil.

“Məktəblərdən başlanan proses nə qədər ağrılı görünsə də, ideoloji təhlükəsizliyin tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Dövlət dinin siyasiləşməsinə və xarici ideoloji mərkəzlərin təsir imkanlarının genişlənməsinə qarşı tədbir görməlidir”.

Araşdırmaçı baş verənləri müəyyən mənada “idarəolunan xaos” kimi də qiymətləndirir.

Onun fikrincə, sərt addımlar nəticəsində yaranan reaksiyalar dövlətə dini-siyasi şəbəkələrin real potensialını, hansı xarici mərkəzlərin prosesdə maraqlı olduğunu və cəmiyyətin reaksiyasını görməyə imkan verir.

“Belə proseslər dinin nə qədər siyasiləşdiyini, hansı şəbəkələrin mövcud olduğunu və xarici təsirin hansı kanallardan gəldiyini üzə çıxara bilər”.

Nərimanlı yekunda hesab edir ki, dövlətin məqsədi inanclı vətəndaşları sıxışdırmaq yox, dini inancın xarici siyasi və ideoloji mərkəzlərin təsir alətinə çevrilməsinin qarşısını almaq olmalıdır.

“Bəzən dövlətin üzü sərt görünür. Amma prosesin sonunda inanclı kəsimin problemini yenə Azərbaycan dövləti həll etməlidir. Əsas mesaj həm xarici oyunçulara, həm də daxildəki inanclı kəsimə budur: Azərbaycanın dini və ideoloji məkanında kənar mərkəzlərin diktəsinə imkan verilməyəcək”.

Qeyd edək ki, İran, Türkiyə və digər xarici mərkəzlərin konkret şəbəkələr vasitəsilə bu prosesləri idarə etməsi barədə səsləndirilən fikirlər Asif Nərimanlının siyasi təhlili və qiymətləndirməsidir; bu iddialar ayrıca hüquqi və ya rəsmi təsdiqlənmiş fakt kimi təqdim edilmir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.