İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Əbolfəzl Şekarçi son açıqlamasında ABŞ-nın son bir ayda ciddi reputasiya itkisi yaşadığını iddia edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib və bir neçə dəfə geri çəkilməyə məcbur olub. Şekarçi bildirib ki, İran qüvvələri yalnız hərbi bazaları deyil, həm də ABŞ hərbçilərini və zabitlərini sığınacaqlarda hədəfə alıb.
İranlı rəsmi həmçinin iddia edib ki, ABŞ-ın hərbi texnikasının məhv edilməsi Vaşinqtonun beynəlxalq imicinə ciddi zərbə vurur. O, xüsusilə bahalı AWACS tipli təyyarənin ucuz pilotsuz uçuş aparatı ilə məhv edildiyini qeyd edib.
Şekarçi əlavə edib ki, İranın strateji məqsədi İsrail və ABŞ-ı Yaxın Şərqdən çıxarmaqdır və Hörmüz boğazı uzun müddət bu ölkələr üçün bağlı qala bilər.
O, həmçinin ABŞ-ın hərbi-sənaye infrastrukturlarına zərbələr endirildiyini və İranın silah ehtiyatlarının yalnız kiçik hissəsinin istifadə olunduğunu vurğulayıb. Şekarçi iddia edib ki, İranın əsas silah istehsal mərkəzlərini aşkar etmək və zərərsizləşdirmək mümkün deyil.
Qeyd edək ki, səsləndirilən bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və rəsmi Vaşinqton tərəfindən hələlik şərh olunmayıb.