CENTCOM İrana altıncı gecə zərbələrin başa çatdığını açıqladı

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı növbəti genişmiqyaslı zərbə dalğasının tamamlandığını bildirib. Qırıcılar, dronlar və hərbi gəmilər onlarla hərbi obyekti vurub.

10

MSNews.az xəbər verir ki, “CENTCOM” əməliyyatın ABŞ vaxtı ilə iyulun 16-da saat 21:40-da tamamlandığını bildirib. Bu, ABŞ qüvvələrinin ardıcıl altıncı gecə İran ərazisinə zərbələr endirməsi olub.

Komandanlığın məlumatına görə, əməliyyata döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilər cəlb edilib. Yüksək dəqiqlikli sursatlarla İranın onlarla hərbi obyektinin vurulduğu açıqlanıb.

Hədəflər arasında sahil müşahidə sistemləri, hava hücumundan müdafiə obyektləri, hərbi-logistika infrastrukturu və dəniz qüvvələrinin imkanları göstərilib. CENTCOM vurulan obyektlərin sayı, yerləşdiyi ərazilər və əməliyyatın nəticələri barədə əlavə məlumat təqdim etməyib.

“Reuters” son hücum dalğası zamanı İranın Hörmüz boğazında yerləşən Qeşm adası və Bəndər-Abbas yaxınlığında partlayışların qeydə alındığını bildirib. İran mediası Bəndər-Xəmirdə körpülərin və dəmir yolu stansiyasının, ölkənin cənub-şərqində isə İranşəhr hava limanının vurulduğunu yazıb. Agentlik bu məlumatların hamısını müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

CENTCOM əməliyyatların Prezident Donald Trampın göstərişi ilə həyata keçirildiyini bildirib. ABŞ tərəfi zərbələrin İranın hərbi potensialını zəiflətməyə və kommersiya gəmilərinə hücumlara görə Tehranı məsuliyyətə cəlb etməyə yönəldiyini bəyan edib. İran isə ABŞ-nin ittihamlarını qəbul etmir və həyata keçirdiyi hücumları Vaşinqtonun hərbi əməliyyatlarına cavab kimi təqdim edir.

Komandanlığın məlumatına əsasən, hazırda Yaxın Şərqin müxtəlif bölgələrində 50 mindən çox ABŞ hərbçisi fəaliyyət göstərir. CENTCOM şəxsi heyətin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb.

“Associated Press” ABŞ-nin son zərbələrinin körpülər, liman infrastrukturu və enerji obyektlərinə qədər genişləndiyini yazır. Agentliyin məlumatına görə, qarşılıqlı hücumlar Hörmüz boğazına nəzarət uğrunda mübarizəni daha da kəskinləşdirib.