Britaniya “Zəngəzur” gəmisinə sanksiyanı ləğv etdi

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisini Rusiya ilə bağlı sanksiya siyahısından çıxarıb. Gəmi 2025-ci ilin mayında Ukraynanın destabilizasiyasına və Rusiya hökumətinə dəstək iddiaları ilə siyahıya salınmışdı.

7

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.

MSNews.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin Rusiya sanksiyaları üzrə 7 iyul 2026-cı il tarixli rəsmi bildirişində qeyd olunub. Sənəddə “ZANGAZUR” adlı gəmi ilə bağlı qərarın “revocation” — yəni rəsmi qərar əsasında siyahıdan çıxarılma olduğu göstərilir. Bildirişdə gəminin artıq müvafiq sanksiyalara məruz qalmadığı qeyd edilib.

Rəsmi bildirişə əsasən, “ZANGAZUR” IMO 9420617 nömrəli neft tankeridir. Gəminin hazırkı operatoru kimi “SA Maritime AFEZCO”, bayrağı kimi isə Azərbaycan göstərilib. Britaniya siyahısında gəmi 2025-ci il mayın 9-da Rusiya ilə bağlı sanksiya rejimi çərçivəsində qeydiyyata alınmışdı.

Böyük Britaniya tərəfinin əvvəlki əsaslandırmasında bildirilirdi ki, “Zəngəzur” Ukraynanın destabilizasiyası, bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhdid, həmçinin Rusiya hökumətinə fayda vermək və ya dəstək göstərmək fəaliyyətləri ilə əlaqələndirilir. Sənəddə gəminin Rusiya mənşəli neft və ya neft məhsullarını Rusiyadan üçüncü ölkəyə daşımaqda iştirak etdiyi iddia olunurdu.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı da Azərbaycana məxsus bir neçə gəmi ilə bağlı sanksiyaları ləğv etmişdi. “Reuters” yazır ki, 2026-cı ilin aprelində Aİ-nin 20-ci sanksiya paketi çərçivəsində beş Azərbaycana məxsus tanker siyahıdan çıxarılıb. ASCO bu qərarın Azərbaycan Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, SOCAR və digər qurumlarla koordinasiyalı iş nəticəsində qəbul edildiyini bildirib.

Avropa İttifaqı qərarı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə — ASCO-ya məxsus “Zaqatala” gəmisini, həmçinin ASCO və SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərini əhatə edirdi.

Beləliklə, “Zəngəzur” gəmisi ilə bağlı həm Avropa İttifaqı, həm də Böyük Britaniya xətti üzrə əsas sanksiya məhdudiyyətləri aradan qaldırılıb. Bununla belə, qərar yalnız konkret gəminin müvafiq siyahıdan çıxarılmasına aiddir və ümumi Rusiya sanksiya rejiminin ləğvi anlamına gəlmir.