Böyük Britaniyanın Oksfordşir qraflığında yerləşən Piddinqton kəndinin yerli şurası ABŞ-a birləşmək üçün müraciət edə biləcəyini açıqlayıb. Təxminən 350 nəfərin yaşadığı kənddə bu təşəbbüs hökumətin yaxınlıqdakı keçmiş hərbi bazada 1250-dək sığınacaq axtaran şəxsi yerləşdirmək planına etiraz olaraq gündəmə gəlib.
MSNews.az xəbər verir ki, Piddinqtonun yerli şura sədri Tim Maknelli “Newsweek” nəşrinə açıqlamasında bildirib ki, hökumət “MoD Bicester” bazası ilə bağlı planından imtina etməsə, kəndin ABŞ-a birləşməsi üçün müraciət edilməsi nəzərdən keçiriləcək. Maknellinin sözlərinə görə, şura artıq ABŞ Prezidenti Donald Trampa məktub göndərib və ABŞ səfirliyinə öz mövqeyini əks etdirən sənədlər təqdim edib.
Kənd sakinləri sentyabrın 15-də Böyük Britaniyadan ayrılmaqla bağlı rəmzi referendum keçiriblər. Səsvermədə 285 nəfər ayrılmanın lehinə, 26 nəfər əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb. İştirak səviyyəsi 91,8 faiz olub.
Yerli şura üzvləri ABŞ-a birləşmək ideyasını kəndin özünüidarəetmə tələblərinə diqqət çəkmək vasitəsi kimi təqdim edirlər. Referendumun hüquqi qüvvəsi yoxdur: Piddinqton Böyük Britaniyanın tərkibindən çıxmayıb və ABŞ-ın 51-ci ştatı olmaq barədə qərar qəbul edilməyib.
Mübahisəyə səbəb olan hökumət planı keçmiş “MoD Bicester” hərbi bazasında 1250-dən çox kişi sığınacaq axtaran şəxsin yerləşdirilməsini nəzərdə tutur. Etiraz edən sakinlər təhlükəsizlik, yerli infrastrukturun imkanları və layihə ilə bağlı onlarla kifayət qədər məsləhətləşmə aparılmadığı barədə narahatlıqlarını ifadə edirlər.
Britaniya hökuməti isə keçmiş hərbi obyektlərdən sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün istifadənin otellərdən asılılığı azaltmağa yönəldiyini bildirir. Piddinqtondakı təşəbbüsün ABŞ tərəfindən qəbul ediləcəyinə dair rəsmi açıqlama yoxdur.