Ukrayna tərəfi Rusiyanın mayın 6-dan etibarən qüvvəyə minməsi təklif olunan “sükut rejimi”nə əməl etmədiyini və ölkə ərazisinə hücumları davam etdirdiyini bildirib. Prezident Volodimir Zelenski mayın 4-də Ukraynanın mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan atəşkəs rejimi elan etdiyini açıqlamış, Rusiyanı da buna eyni şəkildə cavab verməyə çağırmışdı. Zelenski Moskvanın Kiyevin atəşkəs çağırışlarına cavab vermədiyini, buna baxmayaraq Ukraynanın “insan həyatını hər hansı ildönümü tədbirindən üstün tutaraq” bu addımı atdığını bildirmişdi.
Ukrayna mediası yazır ki, “sükut rejimi”nin başlamasından sonra Rusiya hücumları tam dayanmayıb. “RBC-Ukraine”-in məlumatına görə, səhərə yaxın Rusiya qüvvələri yenidən dronlar və idarəolunan aviabombalardan istifadə edib; Xarkov və Zaporojye hücumlara məruz qalıb. Xarkovda yaşayış evlərinə ziyan dəydiyi və xəsarət alanların olduğu, Zaporojyedə isə sənaye infrastrukturu obyektinin hədəfə alındığı bildirilir.
Bundan əvvəl, mayın 5-də Rusiya hücumları nəticəsində Ukraynanın müxtəlif bölgələrində azı 27 nəfərin öldüyü bildirilmişdi. Ən ağır zərbələrdən biri Zaporojyeyə endirilib; burada aviabombalar və “Shahed” tipli dronlarla hücumlar nəticəsində 12 nəfər həlak olub, 20 nəfər yaralanıb. Kramatorsk, Dnipro, Poltava və Xarkov vilayətlərində də ölüm halları qeydə alınıb.
Ukrayna Müdafiə Nazirliyi yanında müşavir kimi fəaliyyət göstərən Sergey Sternenko bildirib ki, Rusiya 6 maydan təklif olunan atəşkəs rejimini pozub və bir sıra hücumlar həyata keçirib. Onun sözlərinə görə, bu addımlar Vladimir Putinin 9 mayla bağlı elan etdiyi “atəşkəs” təşəbbüsünü faktiki olaraq mənasızlaşdırır. Sternenko daha əvvəl Ukraynanın müdafiə naziri tərəfindən cəbhədə PUA-ların effektiv istifadəsinin artırılması üzrə müşavir təyin olunmuşdu.
Moskva isə daha əvvəl 8–9 may tarixləri üçün, Qələbə Günü tədbirləri ilə əlaqədar, müvəqqəti atəşkəs elan etmişdi. Ukrayna tərəfi bu addımı “parad üçün atəşkəs” kimi tənqid edib və daha uzunmüddətli, qarşılıqlı və real atəşkəsin vacibliyini vurğulayıb. Zelenski Rusiyanın hücumları davam etdirdiyi bir vaxtda belə qısamüddətli atəşkəs təşəbbüsünü “son dərəcə riyakarlıq” adlandırıb.
Hazırda tərəflər arasında atəşkəsin real şəkildə işləyib-işləməyəcəyi qeyri-müəyyən qalır. Ukrayna Rusiyanı hücumları dayandırmağa çağırır, Rusiya isə öz növbəsində 8–9 may tarixlərində elan etdiyi pauzanın şərtlərini əsas gətirir.