Uqanda Türkiyə ilə bütün hərbi əməkdaşlığı dayandırdı

Uqanda Türkiyə ilə bütün hərbi və müdafiə əməkdaşlığını dayandırıb. Qərar Ankaradan müxalifətçi Fred Lumbuyenin ekstradisiyasının tələb edildiyi dövrdə qəbul olunub.

18

Uqanda Türkiyə ilə bütün hərbi və müdafiə əməkdaşlığını dayandırdığını elan edib. Qərar Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhozi Kaineruqabanın Türkiyədə yaşayan müxalifətçi Fred Kajubi Lumbuyenin ölkəsinə təhvil verilməsini tələb etməsi fonunda qəbul olunub.

MSNews.az xəbər verir ki, bu barədə Uqanda ordusunun sözçüsü, polkovnik Kris Magezi sentyabrın 19-da rəsmi bəyanat yayıb. Onun sözlərinə görə, Türkiyə ilə bütün hərbi və müdafiə əməkdaşlığı dərhal qüvvəyə minməklə dayandırılıb.

Magezi bildirib ki, qərar iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıqla bağlı həllini tapmamış məsələlər aradan qaldırılanadək qüvvədə qalacaq. Bu barədə “Euronews”  məlumat yayıb.

Qərar sentyabrın 18-də Uqandanın paytaxtı Kampalada Türkiyə səfirliyi qarşısında keçirilən etiraz aksiyasından sonra açıqlanıb. Aksiya iştirakçıları Ankaradan Uqanda Prezidenti Yoveri Museveninin hökumətini tənqid edən Fred Lumbuyenin ekstradisiyasını tələb ediblər.

“Associated Press”  agentliyinin məlumatına görə, nümayiş Kaineruqabanın rəhbərlik etdiyi Uqanda Vətənpərvərlər Liqası tərəfindən təşkil olunub.

Türkiyədə yaşayan Lumbuye Uqanda hakimiyyətinə qarşı sərt çıxışları ilə tanınır. Kampala onu zorakılığa təhrik, hökumət əleyhinə təbliğat və kibercinayətlərlə əlaqəli qanun pozuntularında ittiham edir.

Lumbuye 2021-ci ildə Türkiyədə saxlanılsa da, sonradan azad edilib və ölkədə qalmağa davam edib.

Uqanda Prezidenti Yoveri Museveninin oğlu olan Kaineruqaba daha əvvəl də Türkiyə ilə bağlı mübahisəli açıqlamalar verib. O, Ankaradan 1 milyard dollar tələb edib, Türkiyə səfirliyinin bağlanması və Türkiyə vətəndaşlarının Uqandanı tərk etməsi barədə xəbərdarlıqlar səsləndirib.

Qeyd edək ki, Uqanda ordusunun rəsmi bəyanatında hərbi əməkdaşlığın dayandırılmasının konkret səbəbi kimi Lumbuyenin adı çəkilməyib. Bununla belə, qərar onun ekstradisiyası ilə bağlı iki ölkə arasında yaranmış gərginliyin ardınca qəbul olunub. Türkiyə tərəfinin qərara rəsmi reaksiyası barədə hələlik məlumat yoxdur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.