Yaponiyada 2022-ci ildə sabiq baş nazir Abe Şinzonun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Dövlət televiziyası NHK-nin məlumatına görə, Nara Rayon Məhkəməsində keçirilən hökm iclasında cinayətdə təqsirli bilinən Yamaqami Tetsuya ömürlük azadlıqdan məhrum edilib.
Məhkəmə iclasında çıxış edən Yamaqaminin vəkili mümkün cəzanın 20 ildən artıq olmamasını tələb edərək, müttəhimin “dini bir qrup tərəfindən zərər gördüyünü” və uşaqlıq dövründə yaşadığı travmaların onu Abeni öldürməyə sövq etdiyini iddia edib. Lakin məhkəmə bu arqumentləri nəzərə almayaraq daha ağır hökm çıxarıb.
Nara Rayon Məhkəməsinin sədri Tanaka Şiniçi hakimlər kollegiyasının qərarını elan edərək Yamaqaminin ömürlük həbs cəzasına məhkum edildiyini bildirib.
Xatırladaq ki, Abe Şinzo 2022-ci ilin iyul ayında Nara şəhərində açıq hava tədbirində çıxış edərkən silahlı hücuma məruz qalmış və hadisə yerində həyatını itirmişdi. O, Yaponiyanın tarixində ən uzun müddət vəzifədə qalan baş nazir kimi tanınırdı.
İstintaq zamanı Yamaqami Abeyə qarşı kin bəsləməsinin səbəbini Birləşmə Kilsəsi (FFWPU) ilə əlaqələndirib. O, anasının bu kilsəyə etdiyi böyük ianələrin ailəni maliyyə cəhətdən müflis vəziyyətə saldığını bildirib. Daha sonra məhkəmə qərarı ilə sözügedən dini qurumun hüquqi statusu ləğv edilmiş və vergi güzəştləri əlindən alınmışdı.
Abenin qətli ilə bağlı məhkəmənin ilk iclası 2025-ci il 28 oktyabrda keçirilmiş, Yamaqami həmin iclasda cinayəti etiraf etmişdi.