Braziliya millisi DÇ-2026-ya su şırnaqları altında yola salındı

Braziliya millisi DÇ-2026 üçün ABŞ-a yola düşməzdən əvvəl Rio-de-Janeyrodakı Qalean hava limanında xüsusi su şırnaqları ilə salamlanıb. Karlo Ançelottinin komandası mundialda Braziliyaya altıncı titul qazandırmağa çalışacaq.

29

Braziliya millisi 2026-cı il dünya çempionatına yola düşməzdən əvvəl Rio-de-Janeyroda xüsusi mərasimlə yola salınıb.

MSNews.az xəbər verir ki, “ge Globo”nun məlumatına görə, Braziliya yığmasının təyyarəsi Rio-de-Janeyrodakı Qalean — Tom Jobim beynəlxalq hava limanında iki yanğınsöndürən maşının yaratdığı su şırnaqları arasından keçib. Aviasiya ənənəsində bu mərasim “batismo”, yəni təyyarənin xüsusi hadisə öncəsi simvolik “salamlanması” kimi tanınır.

Məlumata əsasən, prosedur hava limanı əməkdaşları tərəfindən həyata keçirilib və Qalean rəhbərliyi bu addımı Braziliya Futbol Konfederasiyası ilə razılaşdırıb. Su şırnaqları adətən mühüm uçuşlar, yeni marşrutlar və ya xüsusi hadisələr zamanı tətbiq edilən simvolik aviasiya ənənəsi hesab olunur.

ge Globo” yazır ki, Braziliya nümayəndə heyəti ABŞ-a yola düşməzdən əvvəl BFK muzeyini ziyarət edib, azarkeşlərlə görüşüb və daha sonra Qalean hava limanından Nyu-Cersi istiqamətində uçub. Komandanın ABŞ-dakı ilk məşqi Nyu-Cersidə keçiriləcək.

Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi mundialda ölkəyə altıncı dünya çempionluğunu qazandırmaq üçün mübarizə aparacaq. FIFA-nın məlumatına görə, italiyalı mütəxəssis may ayında DÇ-2026 üçün Braziliya heyətini açıqlayıb və Neymar da siyahıya daxil edilib.

Folha de S.Paulo”nun məlumatına görə, Braziliya yığması ABŞ-a “Aeronexus” şirkətinə məxsus Boeing 767-300ER təyyarəsi ilə yollanıb. Təyyarə BFK loqosu ilə bəzədilib və 96 biznes-sinif oturacaqla təchiz olunub. Nəşr qeyd edir ki, bu təyyarə daha əvvəl “Rolling Stones” qrupunun turnesi zamanı da istifadə edilib.

Braziliya millisi DÇ-2026-da “C” qrupunda çıxış edəcək. Komanda dünya çempionatındakı ilk oyununu iyunun 13-də Mərakeşə qarşı Nyu-Cersidə keçirəcək. Qrupda Braziliyanın digər rəqibləri Şotlandiya və Haitidir.

Braziliya mundialdan əvvəl son yoxlama oyununu Misir millisinə qarşı keçirəcək. Bu matçın Klivlenddə baş tutacağı bildirilir.

Braziliya 24 illik fasilədən sonra dünya çempionluğunu qaytarmaq üçün Ançelottiyə böyük ümid bəsləyir. Sonuncu dəfə 2002-ci ildə mundial qalibi olan “sambaçılar” ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə altıncı ulduz uğrunda mübarizə aparacaqlar.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930