Bosniya və Herseqovina millisi 2026-cı il dünya çempionatı öncəsi ABŞ-a qeyri-adi simvolla — dünyanın ən böyük Bosniya qəhvədanı ilə gəlib.
MSNews.az xəbər verir ki, “First Alert 4”ün məlumatına görə, nəhəng qəhvədan Sent Luisdə Bosniya və Herseqovina – Panama yoldaşlıq oyunu öncəsi “Energizer Park” stadionunun qarşısındakı “Lou Fusz Plaza” ərazisində nümayiş etdirilib. Tədbir çərçivəsində azarkeşlərə pulsuz Bosniya qəhvəsi paylanması nəzərdə tutulub.
Qəhvədan DÇ-2026 zamanı Bosniya və Herseqovina millisini müşayiət edəcək.və təxminən 8 min fincan qəhvə hazırlamaq gücünə malikdir.
Bosniyanın “Klix.ba” portalı yazır ki, bu qəhvədan 2004-cü ildə Ginnes rekorduna düşüb. Həmin vaxt onun içində təxminən 650 litr qəhvə hazırlanıb və bu, 8 min fincana yaxın içki üçün kifayət edib. Bir dəfə tam doldurulması üçün təxminən 65 kiloqram qəhvə tələb olunur.
“Sarajevo Times”ın məlumatına görə, qəhvədan Vispak şirkətinin “Zlatna džezva” brendi ilə əlaqəlidir və Bosniya qəhvə mədəniyyətinin ən tanınan simvollarından biri hesab olunur. O, müxtəlif illərdə Bosniya və Herseqovinada, həmçinin beynəlxalq tədbirlərdə nümayiş etdirilib.
Sent Luis şəhərinin bu tədbir üçün seçilməsi təsadüfi deyil. “Associated Press”in məlumatına görə, şəhərdə Avropadan kənarda ən böyük Bosniya icmalarından biri yaşayır. Burada 60-70 minə yaxın bosniyalının yaşadığı bildirilir və şəhərin bəzi bölgələri “Little Bosnia” kimi tanınır.