Almaniya Bundesliqasında “RB Leyptsiq” – “Yunion Berlin” oyunu yalnız meydandakı nəticə ilə yox, kənarda baş verən maraqlı aksiya ilə də diqqət çəkib.
Klubun Müşahidə Şurasının sədri Oliver Mintzlaff matçın gedişi boyunca meydançanın kənarında qurulan qaçış trenajorunda qaçıb. “Bundesliga”-nın rəsmi saytının məlumatına görə, 50 yaşlı funksioner fasilə istisna olmaqla bütün oyun ərzində qaçaraq ümumilikdə 21,41 kilometr məsafə qət edib.
Bu aksiya xeyriyyə məqsədi daşıyıb. Rəsmi məlumata əsasən, Mintzlaff bunu onurğa beyni zədələrinin müalicəsi üzrə araşdırmaları dəstəkləyən “Wings for Life World Run” kampaniyasına diqqət çəkmək üçün edib. O, “Red Bull”-un qlobal kommunikasiya rəhbəri Bencamin İppoliti ilə birlikdə qaçıb və bu təşəbbüs nəticəsində 100 min avrodan çox vəsait toplandığı bildirilir. Yurgen Klopp da kilometr başına ianə edənlər arasında olub.
Oyunun özündə isə “Leyptsiq” meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. Ev sahiblərinin qollarını Maks Finkqrafe, Romulo və Ridle Baku vurub, “Yunion Berlin”in yeganə cavab topu isə Danilyo Doekhidən gəlib. Bu nəticə ilə “Leyptsiq” ardıcıl beşinci qələbəsini qazanaraq Çempionlar Liqasına vəsiqə uğrunda mövqeyini gücləndirib.