Ben-Qvir Qəzzadan 1,86 milyon fələstinlinin köçürülməsi planını açıqladı

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzadan 7 il ərzində 1,86 milyon fələstinlinin “könüllü mühacirətini” nəzərdə tutan plan təqdim edib. O, ayrıca Miqrasiya Nazirliyinin yaradılmasını da tələb edəcəyini bildirib.

57

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza əhalisinin böyük hissəsinin ərazini tərk etməsini nəzərdə tutan yeddiillik plan təqdim edib.

MSNews.az xəbər verir ki, “Otsma Yehudit” liderinin “Disengagement 710” adlandırdığı layihəyə əsasən, ilk ildə 250 min, üç il ərzində 1,11 milyon, yeddi il ərzində isə təxminən 1,86 milyon fələstinlinin Qəzzadan çıxması hədəflənir.

Bu barədə “The Jerusalem Post”“The Times of Israel” məlumat yayıb.

Ben-Qvir planın həyata keçirilə biləcəyini iddia edərək bu məqsədlərin “real” olduğunu bildirib. Onun partiyası layihəni “könüllü mühacirət” kimi təqdim edir və insanların yalnız onları qəbul etməyə razılıq verən ölkələrə göndərilməsini nəzərdə tutur.

Layihə çərçivəsində ayrıca dövlət qurumunun — Miqrasiya Nazirliyinin yaradılması təklif olunur. Ben-Qvir bildirib ki, “Otsma Yehudit” növbəti hökumətə qoşulmaq üçün danışıqlarda həmin nazirliyin yaradılmasını əsas tələblərindən birinə çevirəcək və quruma rəhbərliyi də öz partiyasının üzərinə götürmək istəyəcək.

“EFE” yazır ki, plan qəbul edən ölkələrlə müqavilələrin bağlanmasını, hər bir şəxs üçün fərdi sənədləşməni, ailələrin birlikdə köçürülməsinə üstünlük verilməsini, müxtəlif çıxış marşrutlarının yaradılmasını və mühacirlərə ilk 24 ay ərzində maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.

Ben-Qvir ilkin mərhələ üçün İsrail büdcəsindən 10 milyard şekel, beynəlxalq tərəfdaşların iştirakı halında isə əlavə 50 milyard şekelədək maliyyə çərçivəsi nəzərdə tutduğunu bildirib. Potensial qəbul edən ölkələr arasında Türkiyə, Efiopiya, Konqo və bəzi ərəb dövlətlərinin adlarının nəzərdən keçirildiyi bildirilir.

Bununla belə, plan hazırda İsrail hökumətinin təsdiqlədiyi siyasət deyil və seçki kampaniyası çərçivəsində “Otsma Yehudit” tərəfindən irəli sürülüb. “The Times of Israel” layihənin ciddi beynəlxalq müqavimətlə üzləşəcəyini və həyata keçirilməsinin çətin olduğunu qeyd edir.

Məsələ beynəlxalq hüquq baxımından da mübahisəlidir. Ben-Qvir layihəni “könüllü” adlandırsa da, BMT ekspertləri əvvəllər münaqişə şəraitində insanların öz ərazilərini tərk etməyə məcbur edilməsinin deportasiya və ya məcburi köçürülmə kimi qiymətləndirilə biləcəyini vurğulayıblar.

“Reuters” qeyd edir ki, Ben-Qvirin təşəbbüsü İsraildə 27 oktyabr seçkiləri öncəsi sağ düşərgədə Qəzzanın gələcəyi ilə bağlı müzakirələrin yenidən gücləndiyi bir vaxtda gündəmə gəlib. Baş nazir Benyamin Netanyahu daha əvvəl könüllü mühacirət ideyasını dəstəkləsə də, Qəzzada yəhudi yaşayış məntəqələrinin bərpası ilə bağlı Ben-Qvirin mövqeyini tam şəkildə bölüşməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.