“Barselona” rəqəmsal bank “Revolut”la maliyyə sponsorluğu üzrə əməkdaşlıqdan imtina edib. Buna səbəb bankın reklam kampaniyasının siması kimi keçmiş futbolçu Luis Fiqudan istifadə etməsi və reklamlarda onun 2000-ci ildə “Barselona”dan “Real Madrid”ə keçidinə açıq eyhamların yer alması olub.
MSNews.az xəbər verir ki, “El País”in məlumatına görə, “Revolut” özü “Barselona”ya əməkdaşlıq təklifi ilə müraciət edib və klub təklifin maliyyə baxımından maraqlı olduğunu etiraf edib. Lakin Fiqunun bankın reklam simasına çevrilməsi klub rəhbərliyinin mümkün tərəfdaşlıqdan imtina etməsində əsas amillərdən biri olub.
“Revolut”un reklam çarxlarından birində Fiqunun hesabına 61 milyon avro köçürülür. Bu rəqəm onun 2000-ci ildə “Real Madrid”ə transferinə işarədir. Portuqaliyalı daha sonra zarafatla:
“Mənə elə baxma, sən də bunu edərdin”,
— deyir. Kampaniyanın əsas mesajı isə insanları maliyyə maraqlarını düşünərək “Revolut”a keçməyə çağırır.
Fiqunun 2000-ci ildə “Barselona”nı tərk edərək əzəli rəqib “Real Madrid”ə keçməsi klub tarixinin ən qalmaqallı transferlərindən biri hesab olunur. Hadisənin üzərindən 26 il keçməsinə baxmayaraq, “El País” yazır ki, məsələ “Barselona” azarkeşlərinin bir hissəsi üçün hələ də həssasdır.
Kataloniya mediasının məlumatına görə, “Barselona” hazırda əvvəlki maliyyə tərəfdaşı “CaixaBank/La Caixa” ilə danışıqları yenidən aktivləşdirib. “Revolut”la mümkün əməkdaşlıq isə artıq gündəmdən çıxarılıb.