Enzo Mareska “Manchester City”nin yeni baş məşqçisi təyin olunub.
MSNews.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Klub 46 yaşlı italiyalı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan 3 illik müqavilə imzalandığını açıqlayıb.
Mareska bu vəzifədə Pep Qvardiolanı əvəz edib. “City”nin rəsmi açıqlamasında bildirilir ki, italiyalı mütəxəssis klub üçün tanış simadır: o, daha əvvəl “Manchester City”nin “Elite Development Squad” komandasına rəhbərlik edib və 2022/2023 mövsümündə trebl qazanan komandada Qvardiolanın köməkçisi olub.
Mareska təyinatdan sonra açıqlamasında “Manchester City”ni çox yaxşı tanıdığını və bu komandaya rəhbərlik etməyin onun üçün böyük fürsət olduğunu bildirib. O, komandanın qalib gəlməsini, yaxşı futbol oynamasını və “Manchester City”ni təmsil etməyin təzyiqindən zövq almasını istədiyini deyib.
Klub sədri Xaldun əl-Mübarək Mareskanın “City” üçün uyğun seçim olduğunu bildirib. Onun sözlərinə görə, italiyalı mütəxəssisin futbol fəlsəfəsi və ambisiyası klubun gələcək planları ilə üst-üstə düşür.