Azovda gəmilərə dron hücumu: azərbaycanlı dənizçilərlə bağlı yeni məlumat

Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumundan sonra azərbaycanlı dənizçilərlə bağlı rəqəmlər dəqiqləşdirilib. XİN 4 Azərbaycan vətəndaşının həlak olduğunu, 4 nəfərin yaralandığını bildirib.

19

Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu nəticəsində həlak olan və yaralanan Azərbaycan vətəndaşları ilə bağlı məlumatlar dəqiqləşdirilib.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yenilənmiş məlumatına istinadən “Oxu.az” yazıb ki, hadisə nəticəsində ümumilikdə 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. İlkin olaraq həlak olduğu bildirilən daha bir şəxsin Azərbaycan vətəndaşı və azərbaycanəsilli olmadığı, Rusiya vətəndaşı olduğu müəyyənləşib.

XİN-in məlumatına görə, həlak olanlardan 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb. Onların cənazələrinin Azərbaycana göndərilməsi istiqamətində tədbirlər görülür. Həlak olduğu bildirilən digər iki Azərbaycan vətəndaşının olduğu “Zirkon” gəmisi isə partlayış təhlükəsi səbəbindən hələlik vurulduğu ərazidə saxlanılır. Gəminin limana gətirilməsi üçün Rusiya xilasedici qrupları təhlükəsizlik tədbirləri həyata keçirir.

Məlumata əsasən, Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılardan Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. Emin Valehov və Namiq Cəfərlinin də vəziyyətinin yaxşı olduğu, müalicələri tamamlandıqdan sonra onların da xəstəxanadan buraxılacağı bildirilib.

Reuters”in məlumatına görə, Rusiya tərəfi “Natra” və “Zirkon” gəmilərinin Türkiyədən Rostov-na-Donu limanına doğru hərəkət etdiyi vaxt Ukrayna dronları ilə hücuma məruz qaldığını bildirib. Agentlik qeyd edib ki, Azərbaycan XİN həmin gəmilərin Azərbaycan dövlətinə məxsus olmadığını, lakin heyət üzvləri arasında Azərbaycan vətəndaşlarının olduğunu açıqlayıb.

Ukrayna tərəfi isə Azov dənizi akvatoriyasında gəmilərə zərbə endirildiyini təsdiqləyib. “UNN”in yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi bildirib ki, iyunun 5-nə keçən gecə Mariupol və Berdyansk limanlarında, eləcə də işğal olunmuş ərazilərə yaxın sularda 5 gəmi hədəfə alınıb. Brovdi həmin gəmilərin adlarının gizlədildiyini, radarlarının söndürüldüyünü və onların Ukrayna taxılının daşınması, hərbi yüklər və yanacaq logistikası ilə əlaqəli olduğunu iddia edib.

Hadisə ilə bağlı Rusiya və Ukrayna tərəflərinin açıqlamaları fərqlənsə də, Azərbaycan XİN-in məlumatında əsas diqqət vətəndaşların vəziyyətinə, yaralılara konsulluq dəstəyinin göstərilməsinə və həlak olanların cənazələrinin ölkəyə gətirilməsi prosesinə yönəldilib. Nazirlik bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ərazidədir və vətəndaşlara zəruri yardım göstərilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.