Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ukraynanın Prezident Volodimir Zelenskinin hədəf kimi göstərdiyi 1 yanvar 2027-ci ildə Aİ-yə üzv olmasını mümkün hesab etmədiyini bildirib. Kos vurğulayıb ki, üzvlük namizəd ölkələrin konkret nəticələrinə əsaslanır və Ukraynaya bu prosesdə xüsusi güzəşt edilməyəcək.
MSNews.az xəbər verir ki, Marta Kos bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.
Kos bildirib ki, 1 yanvar 2027-ci il tarixini Ukrayna Prezidenti Volodimir Zelenski müəyyənləşdirib, lakin Aİ-yə qəbul prosesi namizəd ölkənin əldə etdiyi nəticələrə və tələb olunan islahatların yerinə yetirilməsinə əsaslanır.
“Üzvlük nailiyyət prinsipinə əsaslanır. Aydındır ki, bu tarix mümkün deyil”.
Aİ komissarı eyni zamanda vurğulayıb ki, üzvlük prosesində Ukrayna üçün “nə imtiyaz, nə də güzəşt” nəzərdə tutulur.
Bununla belə, Kos Ukraynanın müharibə şəraitində olduğunu və Aİ-nin Kiyevə dəstəyini davam etdirməli olduğunu qeyd edib. Onun fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropadakı geosiyasi vəziyyəti dəyişib və genişlənməni yenidən Aİ-nin əsas prioritetlərindən birinə çevirib.
Kos bildirib ki, Brüssel Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün işləməyə davam edəcək. O, 2026-cı ilin sonunadək mümkün qədər çox danışıqlar klasterinin açılacağına ümid etdiyini deyib.
Hazırda Aİ-nin genişlənmə prosesində ön sıralarda Monteneqro və Albaniya, onların ardınca isə Moldova və Ukrayna gəlir. Avropa Komissiyasının yanaşmasına görə, namizəd ölkələrin irəliləyiş tempi ilk növbədə həyata keçirdikləri islahatlar, qanunun aliliyi və digər üzvlük meyarlarının yerinə yetirilməsindən asılıdır.