Fevralın 3-də Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkənin ən böyük fərdi intellektual yarışı olan “GəncİNTELLEKT” təşkil edilib.
Yarışın əsas məqsədi gənclərin müxtəlif sahələr üzrə biliklərini sınamaq və artırmaq, analitik və sürətli düşünmə bacarıqlarını inkişaf etdirmək, fərdi potensiallarını üzə çıxarmaq və sağlam rəqabət mühiti formalaşdırmaqdır.
İntellektual yarışın açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev çıxış ediblər. Çıxışlarda ölkədə gənclərin intellektual potensialının gücləndirilməsi, bilik və bacarıqlarının üzə çıxarılması baxımından bu cür yarışların mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, gənclərin fərdi inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən layihələr gənclərin cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi formalaşmasına töhfə verir.
Qeyd edək ki, 16–29 yaş arası 723 gənc “GəncİNTELLEKT” yarışında iştirak üçün qeydiyyatdan keçib. Fərdi oyun formatında təşkil olunan yarış iki mərhələli seçim prosesi əsasında keçirilib. İlkin mərhələdən sonra 310 gənc yarımfinala vəsiqə qazanıb, ən yüksək nəticə göstərən 64 iştirakçı isə final mərhələsində mübarizəni davam etdirib. Final mərhələsinin yekununda 4 gənc intellektual yarışın qalibi olub.
Gənclərin həyəcanlı mübarizəsi ilə yadda qalan “GəncİNTELLEKT” yarışının təşkilatçıları sırasında Gənclər Fondu ilə yanaşı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyi yer alıb.
Xatırladaq ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması ilə davam etdiriləcək. Bu təşəbbüslər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncənin təşviqi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.








