Avropa İttifaqına üzv 27 ölkənin dövlət və hökumət başçıları 2026-cı ilin ilk Avropa İttifaqı Liderlər Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
Qeyri-rəsmi və axşam yeməyi formatında təşkil olunan fövqəladə toplantıya Aİ Şurasının Prezidenti Antonio Kosta sədrlik edir. Zirvə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamaları və Avropa ölkələrinə qarşı irəli sürdüyü əlavə gömrük rüsumu təhdidlərindən sonra keçirilib.
Zirvə öncəsi mediaya açıqlama verən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas əsas gündəm mövzusunun transatlantik münasibətlər olduğunu bildirib. Kallas 2026-cı ilin indiyədək “proqnozlaşdırılması çətin” bir dövrlə başladığını vurğulayaraq, mövcud problemlərin mərkəzində Rusiya–Ukrayna müharibəsinin dayandığını qeyd edib. Onun sözlərinə görə, sülh və diplomatik həll istiqamətində müxtəlif təşəbbüslər irəli sürülsə də, bu cəhdlər birtərəfli xarakter daşıyıb və Rusiya tərəfindən hər hansı güzəşt müşahidə olunmayıb.
Kaya Kallas Avropa ilə ABŞ arasında yaşanan hər bir anlaşmazlığın yalnız qarşı tərəfləri sevindirəcəyini deyərək, real təhlükələrlə mübarizə üçün transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, son bir həftə ərzində bu münasibətlər ciddi zərbə alıb, lakin Avropa 80 illik tərəfdaşlığı bir kənara atmaq niyyətində deyil və ABŞ-la əlaqələri qorumaq üçün çalışmağa davam edəcək.
ABŞ-a verilməli olan əsas mesajın “gücümüz birlikdən doğur” olduğunu deyən Kallas Avropa İttifaqının öz dəyərlərini və maraqlarını qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, transatlantik münasibətlərdəki zəifləmədən ən çox Rusiya və Çin faydalanır və buna görə də Avropa ilə ABŞ bu təhdidlərə qarşı birlikdə hərəkət etməlidir. Kallas qeyd edib ki, əgər Rusiya və ondan qaynaqlanan təhlükələr ciddi narahatlıq doğurursa, diqqət enerji təhlükəsizliyinə və Ukraynaya real dəstəyə yönəlməlidir.
Kallas çıxışında Qəzza üçün yaradılması nəzərdə tutulan Sülh Şurasına da toxunub və bu mexanizmin BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq məhdud müddətli, konkret yol xəritəsi əsasında və fələstinlilərin məsuliyyəti tədricən üzərinə götürməsini təmin edəcək formada fəaliyyət göstərməli olduğunu bildirib. Onun sözlərinə görə, bu çərçivə qorunarsa, Avropa İttifaqı sülh üçün beynəlxalq əməkdaşlığı davam etdirməyə hazırdır.
Zirvənin çağırılmasına səbəb olan əsas amillərdən biri də ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları olub. Tramp adanın satın alınmasına qarşı çıxan Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya qarşı 1 fevral 2026-cı ildən etibarən 10 faiz, 1 iyun 2026-cı ildən sonra isə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan etmişdi. O, bu rüsumların Qrenlandiyanın tam və qəti şəkildə alınmasına dair razılaşma əldə olunana qədər qüvvədə qalacağını açıqlamışdı.
Bununla belə, Tramp 21 yanvar tarixində Davosda NATO Baş katibi Mark Rütte ilə Qrenlandiya məsələsi üzrə “anlaşma çərçivəsi” formalaşdırıldıqlarını və bu səbəbdən planlaşdırılan gömrük tariflərinin müvəqqəti olaraq dayandırıldığını elan etmişdi. Buna baxmayaraq, Aİ Şurası ada ilə bağlı təhdidlərin və Qəzza üçün yaradılan Sülh Şurasına üzv ölkələrin mümkün iştirakının müzakirə ediləcəyi zirvənin baş tutacağını əvvəlcədən bildirmişdi.
Brüsseldə keçirilən bu fövqəladə toplantı Avropa İttifaqının həm ABŞ-la münasibətlərdə artan gərginliyə, həm də qlobal təhlükəsizlik və geosiyasi risklərə qarşı ortaq mövqe formalaşdırmaq cəhdinin göstəricisi kimi qiymətləndirilir.