Araqçi İran aktivlərinin müsadirəsinin qlobal xaos yaradacağını bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi dondurulmuş İran aktivlərinin mümkün müsadirəsinin təhlükəli presedent yaradacağını və qlobal maliyyə sistemində qeyri-sabitliyə səbəb ola biləcəyini bildirib.

11

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinə məxsus dondurulmuş aktivlərin müsadirə olunması ehtimalına qarşı xəbərdarlıq edərək belə addımın beynəlxalq maliyyə sistemi üçün təhlükəli presedent yaradacağını bildirib.

MSNews.az xəbər verir ki, Araqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. İranlı nazir başqa dövlətə məxsus aktivlərin gələcəkdə irəli sürülə biləcək iddiaların ödənilməsi üçün ələ keçirilməsini “alovlandırıcı presedent” adlandırıb.

Onun sözlərinə görə, dövlətlər başqalarının əmlakının müsadirəsini adi praktikaya çevirdikdə dünyada heç bir aktiv təhlükəsiz və toxunulmaz hesab edilə bilməz:

“Yaranacaq xaos nə xoş, nə də dinc olacaq”.

Əraqçi belə addımları dəstəkləyən və ya həmin vəsaitlərdən faydalanmağa çalışan tərəflərin uzunmüddətli nəticələri nəzərə almalarını istəyib. Bu barədə “Al Jazeera English”“Middle East Eye” məlumat yayıb.

Açıqlama ABŞ Prezidenti Donald Trampın ABŞ-nin nəzarətində olan İran aktivlərindən gələcəkdə dəniz nəqliyyatına və digər obyektlərə vurula biləcək zərərin ödənilməsi üçün istifadə edilə biləcəyini bildirməsindən sonra verilib. “Associated Press” yazır ki, bu müzakirələr ABŞ–İran qarşıdurmasının və mühüm gəmiçilik marşrutları ətrafındakı gərginliyin artdığı dövrə təsadüf edir.

İran tərəfi mümkün müsadirənin dövlət aktivlərinin toxunulmazlığı prinsipini zəiflədəcəyini və digər ölkələrin xaricdə saxlanılan ehtiyatları ilə bağlı etimadı sarsıda biləcəyini bildirir. Əraqçinin sözlərinə görə, belə mexanizmin tətbiqi yalnız İranla məhdudlaşmayaraq qlobal maliyyə münasibətlərinə təsir göstərə bilər.

Hazırda İran aktivlərinin müsadirəsi ilə bağlı yekun hüquqi qərarın qəbul edildiyi barədə məlumat yoxdur. Məsələ ABŞ administrasiyasının açıqladığı mümkün tədbirlər və Tehran tərəfinin buna qarşı xəbərdarlığı səviyyəsində qalır.