Malinin şimalındakı strateji Anefis yaşayış məntəqəsi uğrunda bir həftəyə yaxın davam edən döyüşlər hökumət qüvvələri, Rusiyanın “Afrika korpusu” və üsyançı qruplar arasında ciddi itkilərlə bağlı ziddiyyətli açıqlamalarla yekunlaşıb.
MSNews.az xəbər verir ki, iyulun 4-də Azavad Azadlıq Cəbhəsi — FLA və “Əl-Qaidə” ilə əlaqəli JNIM Anefis, Qao, Agelhok və Malinin digər bölgələrində hökumət mövqelərinə koordinasiyalı hücumlar həyata keçirib. Mali ordusu hücumların dəf edildiyini bildirsə də, FLA qüvvələri bir müddət Anefis hərbi bazasını mühasirədə saxlayıb.
“Reuters” tərəflərin ilkin açıqlamalarının müstəqil şəkildə yoxlanılmasının mümkün olmadığını qeyd edib.
İyulun 9-da Qao istiqamətindən Anefisə göndərilən böyük hərbi kolon pusquya düşüb. Təhlükəsizlik mənbələrinin “Reuters”ə verdiyi məlumata görə, kolonda 200-dən çox rusiyalı döyüşçü və 100-dən artıq Mali hərbçisi olub. Hücuma görə məsuliyyəti FLA üzərinə götürüb, Nigerin isə Mali qüvvələrinə havadan dəstək verdiyi bildirilib.
Yerli və üsyançılara yaxın mənbələr “Afrika korpusu”nun 13 üzvünün öldüyünü, doqquz rusiyalı döyüşçünün yaralandığını və onların bir hissəsinin Qaoya təxliyə edildiyini iddia edib. Mali ordusuna məxsus 11 texnikanın məhv edilməsi, bir neçə Rusiya avtomobilinin sıradan çıxarılması və rus səhra komandirlərindən birinin öldürülməsi barədə məlumatlar da yayılıb.
Lakin bu rəqəmlər etibarlı və müstəqil mənbələrlə təsdiqlənməyib. “Associated Press” FLA nümayəndəsinin hökumət qüvvələri və rusiyalı döyüşçülər arasında “çoxlu ölənlərin” olduğunu iddia etdiyini yazsa da, konkret 13 ölü və 9 yaralı rəqəmini təsdiqləməyib. FLA öz tərəfində beş nəfərin öldüyünü və təxminən 10 döyüşçünün yaralandığını bildirib.
Rusiya tərəfi isə itkilərlə bağlı iddiaları rədd edib. “African Initiative” tərəfindən yayılan “Afrika korpusu” açıqlamasında şəxsi heyət arasında “bərpaolunmaz itki” olmadığı və Anefis mühasirəsinin uğurla yarıldığı bildirilib. Qrup qarşı tərəfin ağır canlı qüvvə və texnika itkiləri verdiyini iddia edib.
Mali ordusu da Anefis istiqamətində nəzarəti bərpa etdiyini açıqlayıb. Rəsmi məlumatda son 24 saatda üsyançılara məxsus 12 döyüş maşınının məhv edildiyi və 100-ə yaxın silahlının “zərərsizləşdirildiyi” iddia olunub. Ordu öz qüvvələri və “Afrika korpusu”nun itkiləri barədə rəqəm açıqlamayıb. FLA isə ağır döyüşlərdən sonra qüvvələrini yenidən təşkil etmək məqsədilə bölgədən geri çəkildiyini bildirib. Tərəflərin itkilərlə bağlı açıqlamaları müstəqil təsdiqini tapmayıb.
Anefis Qao ilə separatçıların nəzarətindəki Kidal arasında yerləşdiyinə görə hərbi və logistika baxımından strateji əhəmiyyət daşıyır. Son döyüşlər FLA və JNIM qüvvələrinin koordinasiyalı hücum imkanlarının artdığını, Mali hakimiyyətinin isə ölkənin şimalında nəzarəti saxlamaq üçün Rusiya və qonşu Sahel dövlətlərinin hərbi dəstəyindən daha çox asılı vəziyyətə düşdüyünü göstərir.