Şotlandiya, Uels və Şimali İrlandiyada Böyük Britaniyadan ayrılma ilə bağlı siyasi müzakirələrin intensivləşməsi Londonun gələcək geosiyasi mövqeyi və Qərb daxilində qüvvələr balansı ilə bağlı yeni suallar yaradıb. Ekspertlərin fikrincə, belə bir ssenari təkcə Britaniyanın daxili quruluşunu deyil, Avropa, ABŞ və Rusiya ilə münasibətlərini də dəyişə bilər.
QAFSAM eksperti Novruzəli Yusubzadə xatırladır ki, Böyük Britaniyanın subyektlərinin ayrılması sadəcə siyasi qərarla mümkün deyil və bunun üçün hüquqi prosedurlar tələb olunur. O, 2014-cü ildə Şotlandiyada keçirilmiş referendumda seçicilərin 55 faizinin müstəqilliyin əleyhinə səs verdiyini qeyd edir.
“2022-ci ildə qəbul olunan qərardan sonra belə referendumun keçirilməsi üçün Böyük Britaniyanın Ali Məhkəməsinin mövqeyi mühüm rol oynayır. Ayrılma baş verərsə, sərhədlərin, borcların və iqtisadi öhdəliklərin bölünməsi kimi mürəkkəb məsələlər ortaya çıxacaq”, – Yusubzadə bildirib.
Ekspert hesab edir ki, belə ssenaridə Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi məsələsi gündəmə gələ, Şotlandiya və Uels isə ayrıca dövlətlərə çevrilə bilər. Onun fikrincə, bu siyasi qurumların xarici siyasəti indiki Londondan fərqlənərək Avropa İttifaqına daha yaxın və Fələstin məsələsində İsrailə qarşı daha sərt mövqedə ola bilər.
Yusubzadə Donald Trampın Böyük Britaniya daxilindəki ayrılma meyllərinə münasibətini də ABŞ-Britaniya rəqabəti kontekstində qiymətləndirir:
“ABŞ və Böyük Britaniya iki anqlo-saks dövləti olsa da, dünyanın müxtəlif bölgələrində maraq rəqabəti aparırlar. Bu rəqabətin bir-birinin daxili siyasi proseslərinə təsir səviyyəsinə keçməsi mümkündür”.
Onun sözlərinə görə, Böyük Britaniyanın zəifləməsi Rusiya üçün də yeni imkanlar yarada bilər. Bununla belə, Moskvanın Britaniya daxilində birbaşa təsir imkanları digər Avropa ölkələri ilə müqayisədə daha məhduddur. Ekspert hesab edir ki, ABŞ-Britaniya münasibətlərində açıq qarşıdurma yaranarsa, Rusiya Londona qarşı təsirini daha çox dolayı vasitələrlə artırmağa çalışa bilər.
Siyasi araşdırmaçı, Çin üzrə mütəxəssis Pərviz Əliyev isə prosesə ABŞ-Britaniya arasında daha geniş güc mübarizəsi prizmasından yanaşır.
“Tramp üçün məqsəd qlobal Britaniya modelini tam dağıtmaq olmasa belə, onun ABŞ daxilində və qlobal siyasətdə təsir imkanlarını zəiflətməkdir”, – Əliyev bildirib.
Araşdırmaçı hesab edir ki, Vaşinqton və London arasında qarşılıqlı siyasi təsir mübarizəsi artıq daha açıq forma almağa başlayıb. Onun fikrincə, Rusiya üçün isə optimal ssenari Avropanın tam dağılması deyil, zəifləməsidir:
“Rusiya üçün Avropanın dağılması sərfəli deyil, çünki Avropa böyük iqtisadi bazardır. Lakin Britaniyanın güc mərkəzi kimi zəifləməsi Moskvanın uzunmüddətli strateji maraqlarına uyğun ola bilər”.
Əliyev eyni zamanda vurğulayır ki, Böyük Britaniyanın siyasi ərazi bütövlüyünün zəifləməsi Londonun maliyyə və iqtisadi gücünün avtomatik olaraq sıradan çıxması anlamına gəlmir. Onun yanaşmasına görə, Britaniya dövlət elitası ilə Londonun qlobal maliyyə mərkəzi olan “City”sinin maraqları bütün hallarda üst-üstə düşməyə bilər və Şotlandiya, Uels və Şimali İrlandiyanın mümkün ayrılması “City”nin beynəlxalq çəkisinə eyni səviyyədə təsir göstərməyə bilər.
Beləliklə, ekspertlərin mövqelərinə əsasən, Böyük Britaniyanın mümkün parçalanması yalnız daxili siyasi böhran deyil, ABŞ-Britaniya rəqabətindən Avropa təhlükəsizliyinə və Rusiyanın strateji hesablamalarına qədər uzanan daha geniş geosiyasi nəticələr doğura bilər.