Çinin humanoid robot texnologiyaları sahəsində fəaliyyət göstərən “AheadForm” şirkəti “Origin” seriyasına aid bionik robot başları ilə diqqət çəkib.
Şirkətin rəsmi saytında verilən məlumata görə, “AheadForm” insan-robot qarşılıqlı əlaqəsini daha təbii hala gətirmək üçün emosiyaları ifadə edə, ətraf mühiti qavraya və insanlarla daha canlı ünsiyyət qura bilən realist humanoid robot başları üzərində çalışır.
Şirkətin məhsul xəttində yer alan “Origin M1″ modeli rəsmi təqdimatda “yaradıcı və insanabənzər süni intellekt baş modulu” kimi göstərilir. “AheadForm”-un məhsul səhifəsində və Origin M1 bölməsində qeyd olunur ki, bu platformada yüksək dəqiqlikli üz hərəkətləri üçün fırçasız mikro mühərriklərdən istifadə edilir, sistem isə incə mimikaları və daha təbii üz ifadələrini formalaşdırmağa yönəlib.
Şirkətin son nümayişlərində yer alan “Origin F1″ modeli isə sosial ünsiyyət və emosional reaksiya imkanları ilə ön plana çıxıb. “AheadForm”-un rəsmi YouTube kanalında yayımlanan videolarda robotun baxış yönləndirməsi, göz qırpması, danışıqla sinxron üz hərəkətləri və emosional reaksiyaları nümayiş etdirilir. Həmçinin “Face Robot: AheadForm Origin M1” adlı video təsvirində sistemin üz mimikalarını, göz hərəkətlərini və interaktiv əlaqəni dəstəkləyən tam üz aktuasiya sistemi ilə təchiz olunduğu bildirilir.
Sənaye mənbələri də “AheadForm”-u bu istiqamətdə yeni oyunçulardan biri kimi təqdim edir. Çin Mobil Robot Sənayesi Alyansının CMRA portalında dərc olunan materialda qeyd edilir ki, şirkət 2024-cü ildə yaradılıb və yüksək realist robot üzlərinin hazırlanmasına fokuslanır. Məqalədə “AheadForm”-un emosional ifadə, ətraf mühitin qavranması və insan-kompüter qarşılıqlı əlaqəsi qabiliyyətlərinə malik humanoid robot baş modulları hazırladığı vurğulanır.
“AheadForm”-un təqdim etdiyi həllər göstərir ki, humanoid robot texnologiyaları artıq təkcə sənaye və istehsal sahələri ilə məhdudlaşmır. Şirkət bu tip sistemləri müəllim, həmsöhbət, təlim köməkçisi və sosial qarşılıqlı əlaqə aləti kimi mövqeləndirir. Bu da bazarda “emosional intellektə malik” robotlara marağın artdığını göstərən növbəti nümunə sayılır.