Texnologiya dünyası yeni bir mübahisə ilə çalxalanır: “Tesla” və “SpaceX”-in təsisçisi İlon Mask süni intellektin insan zəka səviyyəsini aşacağı və “texnoloji təkillik” adlanan kritik dönüş nöqtəsinin gözləniləndən daha yaxın olduğunu iddia edib və bu dönüşün 2045-ci il deyil, 2026-cı ildə baş verəcəyini söyləyib.
Mask bu fikri, süni intellekt əsaslı vizual yaratma platforması “Midjourney”-nin qurucusu David Holtzun müasir süni intellekt modellərinin proqramlaşdırma sahəsindəki təsirindən bəhs etdiyi açıqlamasına cavab olaraq “X” sosial media platformasında paylaşıb və “Biz artıq təkilliyə daxil olmuşuq, 2026-cı il təkillik ilidir” deyib.
Maskın bu proqnozu, texnoloji təkillik anlayışının pioneri sayılan futurist Rey Kurzveilin 2045-ci il üçün verdiyi daha uzaq proqnozu ilə ciddi şəkildə ziddiyyət təşkil edir; Kurzveilə görə, 2045-ci ildə bioloji olmayan zəka insanlıq səviyyəsini çox aşacaq. “Texnoloji təkillik” süni intellektin özünü təkmilləşdirə bilməsi, insan zəka səviyyəsini keçməsi və texnoloji inkişafın həm cəmiyyət, həm də iqtisadiyyat üçün nəzarətsiz şəkildə sürətlənməsi halını ifadə edir. Maskın bu iddiası internetdə böyük reaksiyalar yaradıb: bir qrup bunu inanılmaz elmi irəliləyiş fürsəti kimi görərkən, digər qrup idarəetmənin risklərinin getdikcə artdığını vurğulayaraq “hələ buna hazır deyilik” fikrini bölüşür. Ekspertlər bu sürətli texnoloji inkişaf proqnozunun həddən artıq optimist və ya yaxın gələcəyə işarə olub-olmamasını yalnız növbəti illərdə müşahidələr vasitəsilə görəcəyimizi bildirirlər.