ABŞ Konqresi, ölkənin qurucu üzvü olduğu NATO-dan çıxışı nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.
Kentucky ştatından Respublikaçı Nümayəndə Thomas Massie tərəfindən hazırlanan layihə qəbul olunarsa, prezident Donald Tramp NATO-dan çıxışı bildirən rəsmi sənəd yayımlamalıdır.
Layihənin mətnində NATO “Soyuq Müharibədən qalmış köhnəlmiş qurum” kimi qiymətləndirilir və Avropa ölkələrinin müdafiə xərclərini özləri ödəməli olduğu vurğulanır.
Thomas Massie layihədə qeyd edir ki, ABŞ-ın ittifaqdan çıxması və resurslarını “başqa ölkələrə deyil, yalnız öz təhlükəsizliyi üçün” istifadə etməsi düzgün qərar olardı. O həmçinin Avropa ölkələrini “sosialist və uğursuz dövlətlər” adlandıraraq, ABŞ-ın onların təhlükəsizliyinə cavabdeh olmaması gərəkdiyini bildirib.
Layihədə Avropa NATO üzvlərinin öz müdafiələrini təmin etmək üçün kifayət qədər iqtisadi və hərbi gücə sahib olduğu vurğulanır və ABŞ vergi ödəyicilərinin vəsaitlərinin Avropanın təhlükəsizliyinə sərf edilməməsi tövsiyə olunur.
Qanun layihəsi qəbul edilərsə, ABŞ prezidenti rəsmi şəkildə NATO-dan çıxış qərarını bildirmək məcburiyyətində qalacaq.