ABŞ İtaliyanın süni intellekt və strateji texnologiyalar üzrə beynəlxalq əməkdaşlığı gücləndirməyi nəzərdə tutan “Pax Silica” təşəbbüsünə qoşulmasını alqışlayıb.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin iyulun 31-də yayımladığı rəsmi açıqlamada bildirilib. İtaliyanın təşəbbüsə qoşulması ölkənin cənubundakı Brindizi şəhərində “Pax Silica” Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib.
Sənədi İtaliyanın innovasiya və yeni texnologiyalar üzrə xüsusi nümayəndəsi, səfir Armando Varrikkio və ABŞ-nin İtaliyadakı səfiri Tilman Fertitta imzalayıblar. ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq İtaliyanı təşəbbüsün 25-ci tərəfdaşı kimi qarşıladıqlarını bildirib.
“Pax Silica” ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq strateji əməkdaşlıq platformasıdır. Layihə süni intellekt dövründə etibarlı və dayanıqlı texnoloji təchizat zəncirlərinin formalaşdırılmasını hədəfləyir. Əməkdaşlıq yarımkeçiricilər, kritik minerallar, rəqəmsal infrastruktur, qabaqcıl istehsal, yüksək texnologiyalı sistemlər və süni intellekt modellərini əhatə edir.
İtaliya Xarici İşlər Nazirliyi ölkənin təşəbbüsə qoşulmasının transatlantik tərəfdaşlığın iqtisadi təhlükəsizlik, innovasiya və rəqabət qabiliyyətinin artırılmasındakı rolunu təsdiqlədiyini bildirib. Açıqlamada texnoloji innovasiya, milli təhlükəsizlik və iqtisadi təhlükəsizliyin getdikcə daha sıx əlaqəli olduğu vurğulanıb.
İtaliya tərəfinə görə, təşəbbüs ölkə şirkətləri üçün gələcəyin iqtisadiyyatını formalaşdıracaq sahələrdə yeni inkişaf və beynəlxalq bazarlara çıxış imkanları yaradacaq. Tərəflər eyni zamanda strateji məhsulların yalnız bir ixracatçı ölkədən asılılığını azaltmağı planlaşdırırlar.
“Reuters” yazır ki, İtaliyanın təşəbbüsə qoşulması əvvəlcə iyunda Mayamidə rəsmiləşdirilməli idi. Lakin Roma və Vaşinqton arasındakı diplomatik fikir ayrılıqları fonunda proses təxirə salınmışdı. Tərəflər daha sonra danışıqları davam etdirərək razılaşmanın Brindizidə imzalanması barədə qərar qəbul ediblər.
“Pax Silica” çərçivəsində ABŞ və tərəfdaş ölkələr strateji texnologiyaların bütün istehsal zənciri üzrə əməkdaşlığı genişləndirməyi, təhlükəsiz standartlar müəyyənləşdirməyi və etibarsız təchizatçılardan asılılığı azaltmağı qarşıya məqsəd qoyublar.