ABŞ Prezidenti Donald Tramp İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahuya açıq dəstək verməyə tələsmir. Tramp son həftələrdə ən azı dörd dəfə Netanyahuya dəstək verib-verməyəcəyi barədə suala konkret cavab verməyib.
Bu barədə “Axios” məlumat yayıb.
MSNews.az xəbər verir ki, iki həftə əvvəl Oval kabinetdə keçirilən görüş zamanı Tramp Netanyahudan seçkiqabağı sorğulardakı vəziyyətini soruşub. “Axios”un ABŞ rəsmisinə istinadən məlumatına görə, Netanyahu cavab verməzdən əvvəl tərəddüd edib, köməkçilərindən biri isə “Cənab Prezident, o qalib gəlir” deyə müdaxilə edib. Lakin mövcud sorğular Netanyahunun hazırkı koalisiyasına cəmi 49-53 mandat, müxalifət partiyalarına isə 67-70 mandat proqnozlaşdırır. Hökumətin qurulması üçün 120 yerlik Knessetdə ən azı 61 mandat tələb olunur.
Netanyahunun əsas rəqiblərindən biri, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot bir sıra sorğularda şəxsi populyarlıq göstəricilərinə görə baş naziri qabaqlayır. “Reuters” də Ayzenkotun son aylarda sorğularda yüksəliş göstərdiyini və Netanyahunun blokunun çoxluğu əldə etməkdə çətinlik çəkdiyini qeyd edir.
“Axios” yazır ki, Netanyahunun hazırkı əsas hədəflərindən biri müxalifətin ərəb partiyalarının dəstəyi olmadan hökumət qurmasına imkan verməyəcək qədər mandat toplamaqdır. Heç bir tərəf koalisiya yarada bilməsə, Netanyahu növbəti seçkiyə qədər keçid hökumətinin baş naziri olaraq vəzifəsində qala bilər.
Tramp administrasiyasında İranla müharibənin ilk həftələrində prezidentin Netanyahuya seçki dəstəyi verəcəyi gözləntisi olsa da, son üç ayda iki liderin İran, Livan və Qəzza ilə bağlı maraqları daha çox fərqlənməyə başlayıb. “Axios”un iki mənbəsinə görə, Tramp şəxsi söhbətlərindən birində Netanyahu barədə “Bibi özünün ən böyük düşmənidir” ifadəsini işlədib.
Son gərginliklərdən biri Netanyahunun Trampın HƏMAS-ın tərksilahını nəzərdə tutan Qəzza üzrə “Sülh Şurası” planını açıq şəkildə rədd etməsindən sonra yaranıb. Bununla belə, Netanyahu ABŞ nümayəndəsi Cared Kuşnerlə telefon danışığında plana şans verməyə və Qəzzadakı hücumları məhdudlaşdırmağa razılıq verib. Kuşnerin gələn həftə İsrailə səfər edərək məsələni Netanyahu ilə müzakirə etməsi planlaşdırılır.
Ayzenkot, keçmiş baş nazirlər Naftali Bennett və Yair Lapid də Trampın Netanyahuya dəstək verə biləcəyindən narahatdırlar. “Axios”un məlumatına görə, onların nümayəndələri ortaq tanışlar, donorlar və siyasi əlaqələr vasitəsilə Ağ Evə mesaj göndərərək ABŞ prezidentini seçkilərdə neytral qalmağa çağırıblar.
İsraildə parlament seçkilərinin 27 oktyabr 2026-cı ildə keçirilməsi rəsmiləşdirilib. “Associated Press” Knessetin iyulun 17-də buraxıldığını və ölkənin seçki mərhələsinə keçdiyini bildirib.