ABŞ Dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlər üzrə köməkçisi Kaleb Orr mayın 31-dən iyunun 3-dək Azərbaycanda səfərdədir. Səfər çərçivəsində iqtisadiyyat, enerji, ticarət, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq müzakirə olunacaq.

29

ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlər üzrə köməkçisi Kaleb Orr Azərbaycana səfər edib.

MSNews.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi proqramına əsasən, Kaleb Orr mayın 31-dən iyunun 3-dək Azərbaycanda səfərdədir. Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi və Azərbaycan–ABŞ əməkdaşlığının müxtəlif istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.

Səfər Bakı Enerji Həftəsi ilə eyni vaxta təsadüf edir. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, dialoq Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq təşkil olunur. Tədbirdə regional bağlantılar, ticarət, sənaye, investisiya, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Məlumata əsasən, tədbir çərçivəsində hər iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə xüsusi sessiyaların keçirilməsi, həmçinin bir sıra əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır.

Kaleb Orr daha əvvəl də Azərbaycan rəsmiləri ilə iqtisadi və enerji əməkdaşlığı mövzularını müzakirə edib. İqtisadiyyat Nazirliyinin 2025-ci il dekabrın 22-də yaydığı məlumatda bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Kaleb Orr ilə videokonfrans formatında görüş keçirib. Həmin görüşdə Azərbaycan–ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri, enerji və biznes sahələrində əməkdaşlığın strateji əhəmiyyəti, Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli təşəbbüsləri və birgə fəaliyyətlərin şaxələndirilməsi imkanları müzakirə olunub.

AzerNews”un məlumatına görə, Orr fevralda yerli mediaya müsahibəsində ABŞ-ın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. O, enerji investisiyaları, regional bağlantı infrastrukturu, ticarət, süni intellekt tərəfdaşlığı və rəqəmsal infrastruktur sahələrini əməkdaşlığın dərinləşdirilməsi üçün əsas istiqamətlər kimi göstərib.

Orr həmçinin Azərbaycanın Orta Dəhliz, yəni Transxəzər Ticarət Marşrutu üzrə rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, nəqliyyat-logistika, liman texnologiyaları, dəmir yolu infrastrukturu və inteqrasiya olunmuş logistika mərkəzlərinə investisiyalar Asiya ilə Avropa arasında daha sürətli və etibarlı ticarət axınlarının formalaşmasına töhfə verə bilər.

Kaleb Orr ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosuna rəhbərlik edir. ABŞ Dövlət Departamentinin məlumatına görə, bu büro ABŞ-ın iqtisadi gücünün, enerji təhlükəsizliyinin və beynəlxalq biznes maraqlarının irəlilədilməsi istiqamətində fəaliyyət göstərir.

Orrun Azərbaycana səfəri Bakı ilə Vaşinqton arasında iqtisadi və enerji gündəminin fəallaşdığı dövrə təsadüf edir. Səfərin nəticələri, xüsusilə ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində əldə ediləcək razılaşmalar iki ölkə arasında ticarət, investisiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli hesab olunur.