İranda iqtisadi çətinliklər səbəbindən başlayan etiraz aksiyaları bu il dekabrın 28-də Tehranın Qapaılı Bazarında başlayaraq ölkənin bütün 31 vilayətində genişlənib və artıq 12 gündür müxtəlif şəhərlərdə səngimədən davam edir.
Etirazlar iqtisadi böhrana, sürətlə dəyər itirən milli valyutaya və sosial narazılıqlara qarşı kütləvi çıxışlarla müşahidə olunur. Bununla yanaşı, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar da davam etməkdədir.
İnsan hüquqları müdafiə təşkilatı İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, nümayişlərdə ölənlərin sayı 42-yə çatıb, o cümlədən həm mülki etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında ölənlər var. Etirazlar nəticəsində çox sayda insan yaralanıb, minlərlə etirazçı saxlanılıb və xəsarətlər daha çox saçma və plastik mərmilərlə atəşdən qaynaqlanıb. Rəsmi hakimiyyət hələ ölüm və yaralanmalarla bağlı geniş ictimai açıqlama verməyib.
Etirazların 12-ci günündə ölkənin müxtəlif şəhərlərində — o cümlədən Tehran, Kərəç, Abadan, Rəşt, Şiraz, Kirman, Bukan və Kirmanşah kimi bölgələrdə, həmçinin Təbriz başda olmaqla Cənubi Azərbaycan şəhərlərində— rejim əleyhinə nümayişlərin davam etdiyi bildirilir. Bəzi bölgələrdə nümayişçilər polis və hərbi simvolları hədəf alaraq qarşıdurmalar yaratdılar, təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qaz və güc tətbiq edib. Buna paralel olaraq ölkə daxilində internet və rabitə əlaqələrində çətinliklər və fasilələr yaşandığı iddia olunur ki, bu da nümayişlərin koordinasiyasına mane olmaq məqsədilə edildiyi düşünülür.
Etirazlar həmçinin müxtəlif şəhərlərdə sahibkarlar və ticarətçilər tərəfindən də dəstəklənir; bazar yerlərində mağaza və dükanlar bağlanaraq nümayişçilərlə həmrəylik nümayiş etdirilir və sosial narazılıqlarla bağlı tətil və etirazlar daha da genişlənir.
Bu nümayişlər İran rejiminin iqtisadi siyasətinə və sosial ədalətsizliklərə etiraz olaraq ölkə daxilində daha geniş siyasi və ictimai narazılığı əks etdirir və hələ də sona yaxınlaşmır.