İran Prezidenti Pezeşkian ABŞ-la danışıqlara başlamaq üçün göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların başlanması üçün xarici işlər naziri Abbas Əraqçiyə tapşırıq verdiyini açıqlayıb. Görüşün İstanbulda keçirilməsi gözlənilir.

32

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların başlanması məqsədilə xarici işlər naziri Abbas Əraqçiyə müvafiq göstəriş verdiyini açıqlayıb. Pezeşkian bu barədə “X” sosial şəbəkə hesabında yaydığı yazılı bəyanatda məlumat verib.

İstanbuldan yayılan xəbərə görə, Pezeşkian bölgədəki dost dövlətlərin ABŞ Prezidenti Donald Trampın danışıqlar təklifinə cavab verilməsi ilə bağlı çağırışlarını nəzərə aldıqlarını bildirib. O qeyd edib ki, münasib mühitin formalaşdırılması, prosesin təhdidlərdən uzaq olması, qeyri-legitim və qeyri-rasional gözləntilərin kənarda saxlanılması şərti ilə “izzət, hikmət və məsləhət” prinsipləri əsasında, milli maraqlar çərçivəsində ədalətli və haqqaniyyətli danışıqlar üçün zəmin yaradılmalıdır. Prezident bu məqsədlə xarici işlər nazirinə rəsmi tapşırıq verdiyini vurğulayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun mümkün nüvə sazişini müzakirə etmək üçün fevralın 6-da İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcəyi gözlənilir.

Bu görüş İran və İsrail arasında 2025-ci ilin iyununda baş vermiş və 12 gün davam etmiş toqquşmalardan sonra ABŞ və İran rəsmiləri arasında keçiriləcək ilk birbaşa təmas olacaq.

Qeyd edək ki, Abbas Əraqçi İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda Ayətullah Ruhullah Xomeyninin məqbərəsində etdiyi çıxışda Tehranın diplomatiyaya hazır olduğunu bəyan edib. O vurğulayıb ki, diplomatiya təzyiq, hədə-qorxu və güc tətbiqi ilə uzlaşmır və prosesin nəticələrinin yaxın vaxtlarda ortaya çıxacağına ümid etdiklərini bildirib.