Tramp: ABŞ Venesuelanı uyğun keçid mərhələsinə qədər idarə edəcək

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı hərbi əməliyyatlardan sonra ölkənin təhlükəsiz və uyğun keçid dövrünə qədər ABŞ tərəfindən idarə olunacağını açıqladı. Maduro Nyu-Yorka aparılır.

90

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra ölkənin “təhlükəsiz, uyğun və nəzarət altında keçid mərhələsinə” qədər ABŞ tərəfindən idarə olunacağını açıqlayıb.

Mətbuat konfransında çıxış edən ABŞ Prezidenti Donald Tramp Venesuelanın paytaxtı Karakasa endirilən zərbələr, eləcə də ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı geniş açıqlamalar verib. Tramp bildirib ki, ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat İkinci Dünya müharibəsindən sonra görünməmiş miqyasda olub və əsas məqsəd “diktator Maduronu ədalət qarşısına çıxarmaqdır”.

ABŞ prezidenti qeyd edib ki, əməliyyat zamanı ABŞ tərəfi heç bir itki verməyib, istifadə olunan çoxsaylı helikopter və döyüş təyyarələrindən heç biri zərər görməyib. Onun sözlərinə görə, Venesuela tərəfi ABŞ-nin addımlarını əvvəlcədən hiss etsə də, qısa müddətdə tam neytrallaşdırılıb.

Donald Tramp vurğulayıb ki, ABŞ Venesuelada uzun illər davam edən xaosun yenidən təkrarlanmasını istəmir və ölkənin gələcəyini xalqın maraqlarını nəzərə almayan başqa qüvvələrin əlinə buraxmayacaq. “Təhlükəsiz, uyğun və nəzarət altında keçid mərhələsinə qədər Venesuelanı idarə etməyə davam edəcəyik”, – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ vətəndaşlarına qarşı “ölümcül narkoterrorizm” fəaliyyətində ittiham olunur və artıq bir gəmi ilə Nyu-Yorka aparılır. Onların Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində və ya Mayamidə mühakimə olunması məsələsinə yaxın vaxtlarda qərar veriləcək.

ABŞ prezidenti Venesuelaya tətbiq edilən neft embarqosunun qüvvədə qalacağını, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə mövqelərini qoruyacağını və Vaşinqtonun tələbləri tam yerinə yetirilənədək bu siyasətin davam edəcəyini bildirib. O, eyni zamanda ABŞ-ın iri neft şirkətlərinin Venesuelada fəaliyyətə cəlb ediləcəyini, milyardlarla dollar sərmayə yatırılaraq ölkənin neft infrastrukturunun bərpa olunacağını deyib.

Tramp “Truth Social” platformasında Maduronun saxlanıldıqdan sonra ölkədən çıxarıldığı “USS Iwo Jima” hərbi gəmisindən ilk fotosunu da paylaşıb. Fotoda Maduro gözləri bağlı halda əlində su şüşəsi ilə əks olunub.

Qeyd edək ki, Venesuelanın paytaxtı Karakasda yerli vaxtla gecə saatlarında güclü partlayışlar və təyyarə səsləri eşidilib. Rəsmi Karakas ABŞ-ni mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib. ABŞ Ədliyyə naziri Pam Bondi isə Maduroya qarşı narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı ağır silahlardan istifadə ittihamları irəli sürüldüyünü açıqlayıb.